Azərbaycan, Bakı, 04 sentyabr / Trend , muxbir A.Hüseynbala /
Azərbaycanın Şəmkir rayonundakı N saylı hərbi hissədə əsgərləri qətlə yetirən hərbçinin cinayət işi üzrə istintaq yekunlaşmaq üzrədir. Trend -un məlumatına görə, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu cümə günü keçirdiyi mətbuat konfransında bu barədə məlumat verib.
Trend -un arayışı: Bu il mayın 23-də Şəmkir rayonunun Seyfəli kəndi yaxınlığında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin təlim mərkəzində, əsgər Orxan Səfərov avtomat silahdan atəş açaraq əsgər yoldaşları Taleh Hidayətovu, Ramin Ataşovu və Şəhriyar Həsənovu qətlə yetirib, Pünhan Həsənovu və Mustafa Sayfulovu isə yaralayıb.
Əsgər Səfərov tutulub. Səfərov ötən ilin yanvarında Ağcabədi rayon Hərbi Komissarlığından hərbi xidmətə çağrılıb.
Qeyri-rəsmi məlumata görə, hadisəni törədən Səfərova qarşı hadisədən əvvəl mütəmadi nizamnamədənkənar hərəkətlərə yol verilib, o, qətlə yetirdiyi şəxslər tərəfindən nalayiq formada təhqir olunub.
Sabiroğlu bildirib ki, cinayət işi baxılması üçün yaxın günlərdə məhkəməyə göndəriləcək. MN-nin rəsmisi bəzi hərbi hissələrdə xoşagəlməz hadisələrin baş verməsindən narahatlıq bildirib və bunun qarşısının alınması üçün nazirlik tərəfindən mütəmadi tədbirlər görüldüyünü deyib.
Məqalə müəllifi ilə əlaqə unvanı:[email protected]