Fransa, Strasburq, 29 sentyabr / Trend , müxbir A.Məhərrəmli/
Red. əlav.: ikinci abzas əlavə olunub
Bu gün AŞ PA-nın payız sessiyasının ikinci iş günündə AŞ-nin yeni baş katibi seçilib. Norveçin sabiq Baş naziri Torbyorn Yaqland 165 səs coxluğu ilə AŞ-nin yeni baş katibi seçilib. AŞ PA-nın sədri nəticələrin sonunda onu qurumun yeni baş katibi elan edib. O, bu posta beş illik müddətə seçilib və oktyabrın 1-dən səlahiyyətlərinin icrasına başlayacaq.
Səsvermədə 257 deputat iştirak edib. 12 səs etibarsız sayılıb. Yeni baş katib seçilmək üçün əksər səscoxluğu 123 olub. Polşalı namizəd Vlodzimej Çimoşeviç isə 80 səs toplayıb.
Çərşənbə axşamı keçirilən səsvermədə Norveçin sabiq Baş naziri Torbyorn Yaqland və Polşanın sabiq Baş naziri Vlodzimej Çimoşeviçin namizədlikləri səsə qoyulub.
Qeyd edək ki, Avropa Şurası baş katibi postuna Norveçin sabiq Baş naziri Torbyorn Yaqland, Polşanın sabiq Baş naziri Vlodzimej Çimoşeviç, belçikalı parlamentar Luk van den Brand və macarıstanlı parlamentar Matias Yorşun namizədlikləri irəli sürülmüşdü. AŞ-nin Nazirlər Komitəsinin 2009-cu ilin may ayında Madriddə keçirilən sammitində və sentyabr ayında Strasburqda keçirilən iclasında T.Yaqland və V.Çimoşeviçin namizədlikləri üzərində dayanılmışdı.