Azərbaycan, Bakı, 07 yanvar / Trend , muxbir A.Hüseynbala/
Baş Prokurorluğun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldar Əfəndiyev "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə tutduğu vəzifədən azad olunub. Bu barədə cümə axşamı Trend -a Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.
Əfəndiyev 1979-cu ildən respublika prokurorluq orqanlarında çalışaraq xidmətdə fərqləndiyinə görə dəfələrlə mükafatlandırılıb, ona "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adı və "Prokurorluğun fəxri işçisi" döş nişanı verilib.
Prokurorluq orqanlarında uzun müddətli qüsursuz fəaliyyətinə görə Respublika Prokurorluğunun Fəxri Fərmanı ilə təltif edilib.
Hüquq elmləri namizədi kimi bir çox kitabların, 500-dən artıq elmi və elmi-kütləvi məqalələrin müəllifi olan Eldar Əfəndiyev elmi fəaliyyətini Baş Prokurorluğun Elm-Tədris Mərkəzində kafedra rəisi vəzifəsində davam etdirəcək.