...

Qərb İrandakı mənafelərini itirdiyi üçün İrana təzyiq edir - XİN sözçüsü

Siyasət Materials 12 Fevral 2010 15:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 fevral / Trend , T.Cəfərov/

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bildirib ki, Qərb ölkələri və "onların başında dayanan" ABŞ, bütün vasitələrdən istifadə edib, müxtəlif bəhanələrlə rəsmi Tehrana təzyiq göstərir.

Mehmanpərəst fevralın 12-də Tehrandan telefonla Trend -a bildirib ki, ümumiyyətlə İran xalqını öz hüquqlarından əl çəkmək məqsədi ilə məqsədyönlü hədələri və təzyiqləri düzgün hesab etmirik və bu kimi tədbirlər heç bir nəticə verməyəcək.

ABŞ Senatı üç gün bundan əvvəl, İran İnqilab Keşikçilərinə (Sepah) bağlı olan dörd şirkəti və bir generalı qara siyahiyə alaraq, onlarla hər növ biznes qurulmasına qadağa qoyub. Hazırda ABŞ Senatında İranın iyunun 12-də keçirdiyi seçkilərdən sonra müxalifətə təzyiq göstərənləri "qara siyahı"ya salmaq üzrə müzakirələr keçirilir. ABŞ Prezidenti Barak Obama fevralın 11-də bildirib ki, 2-3 həftəyədək BMT Təhlükəsizlik Şurası İrana qarşı yeni sanksiyaların tətbiqini müzakirə edəcək.

İran XİN sözçüsü bildirib ki, fikrimcə, bu kimi addımlar təzyiq məqsədi ilə həyata keçirilir və İran İslam İnqilabından sonra ötən 31 il ərzində davamlı şəkildə belə sıxışdırmallarla üzləşmişik. "Onlar hər zaman yeni bəhanə ilə İranı sıxışdırıblar. İslam İnqilabı qələbə qazandıqdan sonra İranın nüvə fəaliyyəti olmadığı bir zamanda da İrana qarşı sanksiyalar tətbiq etmişdilər"-  Mehmanpərəst bildirib.

ABŞ və Qərb İranı nüvə silahı yaratmaq niyyətində olmaqda ittiham edib. İran isə uranın zənginləşdirilməsini nüvə elektrik stansiyalarının yanacağının təmini üçün olduğunu bildirib. 2006-cı ildə İranın nüvə dosyası MAQATE Hakimlər Şurasından BMT Təhlükəsizlik Şurasına göndərilib və bu Şura İranın nüvə proqramını dayandırmaq üçün indiyədək 5 qətnamə qəbul edib. Qətnamələrin 3-də İrana qarşı iqtisadi sanksiyaların tətbiq olunması öz əksini tapıb.
Qərb yalnız İranı nüvə proqramını deyil, həm də daxildə demokratiya prinsipləri və insan haqlarının pozulmasına görə sərt tənqid edir.
İran XİN rəsmisi Trend -a bildirib ki, ABŞ-ın və onun müttəfiqlərinin İrana qarşı atdığı addımların əsas səbəbi İslam İnqilabından öncə İranda olan mənafelərinin əllərindən çıxmasıdır.

Onun sözlərinə görə, İranda İslam İnqilabı olduqdan sonra və müstəqillik əldə edildikdən sonra onların İrandakı mənfəətləri və qazancları əllərindən çıxıb.
İranda prezident seçkiləri iyunun 12-də keçirilib. Nəticələrə əsasən, Əhmədinejad 24,5 milyon səs qazanmaqla yenidən prezident seçilib. Müxalifətdə olan Musəvi və Kərrubi seçkilərdə geniş saxtakarlığa yol verildiyini iddia edərək, seçkilərin yenidən keçirilməsini tələb ediblər.
Seçkilərə etiraz aksiyaları zamanı 1000-dən çox aksiyaçı tutulub və rəsmi məlumata əsasən, 31 nəfər həlak olub.

"ABŞ və onun müttəfiqlərinin İrana qarşı təzyiqləri ona görədir ki, biz öz əsas prinsiplərimizdən əl çəkək, lakin bu imkansızdır. Onlar müsbət nəticə əldə etmək istəyirlərsə, yaxşı olar ki, əməkdaşlıq etsinlər və İranın hüquqlarını rəsmən tanısınlar", - Mehmanpərəst bildirib.
İran XİN sözçüsü əlavə edib ki, Qərb ötən gün (fevralın 11-də) İran İslam İnqilabının 31-ci ildönümü münasibəti ilə keçirilən mitinqləri görsünlər, bilsinlər ki, İran xalqı əldə etdiyi nailiyyətlərin, o cümlədən sülhyönlü nüvə proqramında əldə etdiyi nailiyyətlərin müdafiəsində dayanıb.

Xəbər lenti

Xəbər lenti