...

Azərbaycan Parlamentində bələdiyyələrin vaxtından əvvəl buraxılması məsələsinə baxılacaq

Siyasət Materials 19 Fevral 2010 12:39 (UTC +04:00)
Azərbaycan Parlamentində "Bələdiyyələrin statusu haqqında" qanuna ediləcək əlavələr və dəyişikliklərdə bələdiyyələrin vaxtından əvvəl buraxılması qaydaları göstərilib.
Azərbaycan Parlamentində bələdiyyələrin vaxtından əvvəl buraxılması məsələsinə baxılacaq

Azərbaycan, Bakı, 19 fevral / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentində "Bələdiyyələrin statusu haqqında" qanuna ediləcək əlavələr və dəyişikliklərdə bələdiyyələrin vaxtından əvvəl buraxılması qaydaları göstərilib.

"Bələdiyyələr inzibati nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanına mütləq təqdim olunan bələdiyyə aktlarının Konstitusiyaya və qanunlara, Azərbaycan Prezidentinin fərmanlarına və Nazirlər Kabinetinin qərarlarına zidd olması faktını müəyyən edən məhkəmənin qərarı qüvvəyə mindikdən 1 ay ərzində həmin aktların dəyişdirilməməsi və ya ləğv edilməməsi faktı müəyyən edildikdə bələdiyyələr vaxtından əvvəl buraxıla bilərlər", - Trend -un məlumatına görə, cümə günü Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib.

Rəhimzadənin sözlərinə görə, bələdiyyələrin iclaslarının azı 3 ay keçirilməməsi və ya 3 iclasında dalbadal bələdiyyə üzvlərinin yarıdan coxunun iştirak etməməsi faktı müəyyən edildikdə də bələdiyyələr vaxtından əvvəl buraxıla bilərlər.

Bələdiyyələrin Milli Məclisə hesabat verməsi məsələsinə gəldikdə, Rəhimzadə deyib ki, "Bələdiyyələrin statusu haqqında" qanuna nəzərdə tutulan əlavədə bələdiyyələrin illik hesabatının növbəti ilin aprel ayının 1-dək təqdim edilməsi nəzərdə tutulur.

"Biz bələdiyyələrin parlamentdə hesabat verməsini nəzərdə tutan xüsusi qanun layihəsinin qəbul olunmasını nəzərdə tuturuq. Amma layihə qəbul olunana qədər hesabatla bağlı əlavənin "Bələdiyyələrin statusu haqqında" qanuna edilməsini məqbul hesab etmişik", - komitə sədri əlavə edib.

Onun fikrincə, bələdiyyələrin parlamentdə hesabat verməsi onlara ayrılan vəsaitin qanunsuz məqsədlər üçün sərf olunmasının qarşısının alınmasında mühüm rol oynayacaq.

Xəbər lenti

Xəbər lenti