...

Azərbaycanın Özbəkistandakı Səfirliyi Novruz Bayramını qeyd edib

Siyasət Materials 19 Mart 2010 14:38 (UTC +04:00)
Azərbaycanın Özbəkistandakı Səfirliyi Novruzun gəlişini əsl bayram kimi qeyd edib.
Azərbaycanın Özbəkistandakı Səfirliyi Novruz Bayramını qeyd edib

Özbəkistan, Daşkənd, 16 mart / Trend , müxbir D.Əzizov/

Azərbaycanın Özbəkistandakı Səfirliyi Novruzun gəlişini əsl bayram kimi qeyd edib.

Bu gün Özbəkistanın dövlət müəssisələrinin, ictimai təşkilatlarının rəhbərləri, Daşkənddə akkreditə olunmuş səfirliklərin və digər xarici nümayəndəliklərin təmsilçiləri, həmçinin, kütləvi informasiya vasitələri, Azərbaycan diasporunun fəalları səfirliyə dəvət olunublar.

Xəbər verildiyi kimi, bayram ərəfəsində səfirlik azərbaycanlı biznesmenlərlə birlikdə Daşkənddə 37 aztəminatlı azərbaycanlı ailəyə bayram hədiyyələri paylayıb. Bayram hədiyyələri Aleksandra Xlebuşkina adına 22 saylı uşaq evinə verilib.

Bayram mərasimini Azərbaycanın Özbəkistandakı müvəqqəti işlər vəkili Akif Əliyev açıb. O, dünyanın bir çox xalqları tərəfindən qeyd olunan bugünün gəlişi münasibətilə qonaqları təbrik edərək Novruz Bayramının tarixindən, Sovet hakimiyyəti dövründə qadağalara baxmayaraq, Azərbaycan xalqının öz ənənəsini qoruyaraq inkişaf etdirməsindən danışıb.

A.Əliyev bayramın beynəlxalq tanınması üçün Azərbaycan hökumətinin göstərdiyi səyləri xatırladıb, həmçinin, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyası tərəfindən 21 Martın Beynəlxalq Novruz Günü kimi qeyd olunmasından da danışıb.

İştirak edənlər Prezident İlham Əliyevin Azərbaycan xalqına bayram müraciətini diqqətlə dinləyiblər. Səfirliyin gül-çiçəklərlə bəzədilmiş həyətində Azərbaycan milli mətbəxinin təamlarından ibarət bayram süfrəsi açılıb.

Musiqi ifaçılarının Azərbaycana həsr olunmuş çıxışları bayram atmosferini tamamlayıb. Musiqiçi, diaspor fəalı İlham Abdullayev sazda aşıq havalarını ifa edib. YUNESKO-nun qərarı ilə Azərbaycanın aşıq sənəti bəşəriyyətin qeyri-maddi irsi siyahısına daxil edilib. Konsert proqramı Rəşid Behbudov, Мüslüm Maqomayev, Şövkət Ələkbərova, Zeynəb Xanlarovanın, həmçinin, Azərbaycanın müasir estrada ulduzlarının repertuarından mahnıların ifası ilə davam edib. Yerli "Qarabağ" ansamblı Azərbaycan və Özbəkistan xalq mahnıları ifa edib.

Xəbər lenti

Xəbər lenti