...

Azərbaycan və Vyetnam arasında diplomatların vizasız gediş-gəlişi haqqında sənəd imzalanıb

Siyasət Materials 9 Aprel 2010 20:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 aprel /Trend/

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Vyetnam Sosialist Respublikasının Baş nazirinin müavini Hoanq Çunq Hayı qəbul edib. Bu barədə Azərbaycan XİN-in mətbuat xidməti məlumat verib.

Baş nazir Çunq Hay Sovet İttifaqı dönəmində Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində təhsil almış vyetnamlıların hazırda Vyetnamın inkişafında verdiyi töhfəni xüsusilə vurğulayıb, iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi üçün geniş potensialın olduğunu bildirib.

Məmmədyarov belə səfərlərin ölkələr arasında əlaqələrin intensivləşdirilməsinə təkan verdiyini, münasibətlərin təhsil, neft-kimya, mədəniyyət və digər sahələrdə genişlənməsi üçün imkanlar yaratdığını qeyd edib.

Görüşün sonunda Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov və Vyetnamın xarici işlər nazirinin müavini Nquen Kuok Kıonq tərəfindən "Azərbaycan Respublikası Hökuməti və Vyetnam Sosialist Respublikasının Hökuməti arasında diplomatik, xidməti və ya rəsmi pasportlara malik vətəndaşların vizasız gediş-gəlişi haqqında" sənəd və "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Vyetnam Sosialist Respublikasının Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq Protokolu" imzalanıb.

Xəbər lenti

Xəbər lenti