Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan sərhədçiləri Gürcüstan istiqamətində dövlət sərhədinin pozulmasının qarşısını alıblar.
Dövlət Sərhəd Xidmətinin çərşənbə günü yaydığı məlumatda qeyd olunur ki, Azərbaycanın Balakən rayonu ərazisində dövlət sərhədinin mühafizəsində olan sərhəd keşikçiləri tərəfindən sərhədi qanunsuz keçən 3 nəfərlik qrup aşkarlanıb.
Sərhədpozucuları sərhəd naryadının "Dayan!" əmrinə və havaya açılan xəbərdarlıq atəşinə məhəl qoymayıb, sərhədçiləri soyuq silahla hədələyərək, onların həyatları üçün real təhlükə yaradıblar. Sərhəd naryadı qanunvericiliyin tələblərinə uyğun olaraq silah tətbiq edib. Nəticədə, sərhədpozucularından biri yaralanıb. Sərhədpozucuları Gürcüstan ərazisinə qaçmağa nail olub.
Faktla bağlı Cinayət Məcəlləsinin Azərbaycan Respublikasının Dövlət Sərhədini qanunsuz olaraq keçmə (318.2) maddəsi ilə cinayət işi başlanılıb.