...

Azərbaycan XİN Dağlıq Qarabağda qondarma "seçkilər"in keçirilməsi ilə bağlı bəyanat yayıb

Siyasət Materials 14 May 2010 19:44 (UTC +04:00)
Azərbaycan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağda qondarma "parlament seçkiləri"nin keçirilməsi ilə bağlı bəyanat yayıb.
Azərbaycan XİN Dağlıq Qarabağda qondarma "seçkilər"in keçirilməsi ilə bağlı bəyanat yayıb

Azərbaycan, Bakı, 14 may /Trend/

Azərbaycan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağda qondarma "parlament seçkiləri"nin keçirilməsi ilə bağlı bəyanat yayıb. Bu barədə XİN-in mətbuat xidmətinin məlumatında deyilir.

Ermənistan Respublikasının kütləvi informasiya vasitələrində yayılmış məlumatlara əsasən, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində 23 may 2010-cu il tarixində qondarma "parlament seçkiləri"nin keçirilməsi planlaşdırılır.

"Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı bir daha təkrar edir ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki tanınmamış separatçı rejim azərbaycanlı əhalinin etnik təmizlənməsi əsasında Ermənistan tərəfindən təşkil olunmuş qanunsuz qurumdan başqa bir şey deyil. Qondarma "seçkilər" Ermənistanın anneksiya siyasətini ört-basdır etmək məqsədilə keçirilir və Azərbaycan ərazilərinin davam etməkdə olan işğalının nəticələrinin möhkəmləndirilməsinə yönəlib", - bəyanatda bildirilir.

Bu kimi "seçkilər"in keçirilməsi Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarını və beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur, çünki sözügedən "seçkilər" Dağlıq Qarabağın əzəli azərbaycanlı əhalisi olmadan aparılır və beləliklə, heç bir hüquqi qüvvəyə malik deyildir.

"Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində keçirilən hər hansı seçkilər yalnız o vaxt ədalətli və azad qiymətləndirilə bilər ki, oradan qovulmuş azərbaycanlı əhali həmin seçkilərin keçirilməsində bütünlüklə, birbaşa və bərabər şəkildə bölgənin erməni əhalisi ilə birgə qanuni və demokratik seçkilərdə iştirak etsinlər. Bu cür seçkilərin keçirilməsi yalnız erməni işğalçı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması, bölgədə həyatın normallaşdırılması, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında dialoq və əməkdaşlığın bərpası üçün zəruri şəraitin yaradılmasından sonra mümkün olacaq", - bəyanatda deyilir.

Bəyanatda qeyd edilir ki, Azərbaycan Respublikası erməni tərəfini heç bir perspektiv vəd etməyən qanunsuz addımlarından ibarət destruktiv fəaliyyətini dayandırmağa və bunun əvəzinə xoş məram nümayiş etdirərək münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında tez və davamlı həllini tapmaq məqsədilə keçən il ərzində dinamik şəkildə inkişaf etmiş danışıqlar prosesində konstruktiv mövqe tutmağa çağırır.

Xəbər lenti

Xəbər lenti