Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir T.Hacıyev/
Azərbaycanın müxalif Böyük Quruluş Partiyasının (BQP) sədri hesab edir ki, müxalifət partiyaları prosesləri seçki yolu ilə dəyişə bilər.
"İndiki reallıq daha çox seçkilər yolu ilə müəyyən prosesləri dəyişməyi diktə edir. Müxalifət partiyaları özlərini güclü hesab edirsə, daha fərqli taktika seçməlidirlər. Əgər kiçikdirlərsə, heç olmasa, kiçikliyi etiraf edib hadisə yaratmaq üçün "bunu edirik" deyə səslənsələr, daha çox məntiqə uyğun olar", - bu barədə bazar ertəsi Trend-ə BQP sədri, millət vəkili Fazil Qəzənfəroğlu bildirib.
Trend-in arayışı: Son günlər Azərbaycanın bir sıra müxalifət partiyaları Bakının mərkəzi meydanlarında icazəsiz aksiyalar keçirməyə cəhd göstərir. Aksiyalar iştirakçıların azlığı və pərakəndəliyi ilə müşahidə olunur.
Bakı Şəhər İcra Hakimiyyəti kütləvi mitinqlərin keçirilməsi üçün nəzərdə tutulan yer kimi Qaradağ rayonu Sahil qəsəbəsindəki stadionu, Sabunçu rayonunda "Azneftgeofizika" Tresti ilə üzbəüz stadionu, Suraxanı rayonunda Tofiq İsmayılov adına stadionu, Yasamal rayonunda 3155-ci məhəllənin stadionunu, Əzizbəyov rayonunun Türkan qəsəbəsini, Nizami rayonunda "Təbriz" kinoteatrı ilə üzbəüz ərazini və Nərimanov rayonunda "Ulduz" metrostansiyası ilə üzbəüz ərazini müəyyən edib.
Millət vəkili qeyd edib ki, bu cür kiçik güclə nə hakimiyyətə gəlmək, nə hakimiyyətə təsir göstərmək, nə də hakimiyyəti narahat etmək olmaz.
"Bu gün özünü aparıcı hesab edən müxalifət partiyaları mərkəzi meydanda mitinq təyin edir. Bu mitinq nə üçündür? Hakimiyyətə gəlmək gücünü göstərməkdən ötrüdür və ya müəyyən hadisə yaratmaq üçün? İlk növbədə, bunu müəyyənləşdirmək lazımdır. Əgər hadisə yaratmaq üçündürsə, bu cür şeyləri bizim kimi cəmiyyətlərdə daha orijinal, milliyyətçi, ultraradikal partiyalar edə bilərlər", - Qəzənfəroğlu bildirib.