Özbəkistan, Daşkənd, 21 iyun /Trend, müxbir D.Əzizov/
Özbəkistandakı qaçqın düşərgələrinə baş çəkən BMT-nin qiymətləndirmə missiyası hesab edir ki, ölkə hakimiyyəti humanitar böhrana çox mütəşəkkil reaksiya verib. Bu barədə missiyanın BMT Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin saytında yerləşdirilmiş hesabatında deyilir.
BMT agentliklərinin qaçqınların suya, ərzağa və sığınacağa olan tələbatlarının qiymətləndirilməsi üzrə missiyası iyunun 17-18-də Özbəkistanın Əndican vilayətindəki beş qaçqın düşərgəsinə baş çəkib.
Missiya, həmçinin, qaçqın düşərgələrindəki tibbi məntəqələrlə də tanış olub. Onun qiymətləndirmələrinə görə, tibbi yardımın göstərilməsi yaxşı təşkil olunub, tibbi məntəqələrdə yüngül yaralanmış xəstələrin müalicəsi üçün şərait var.
Hesabatda qeyd olunur ki, Özbəkistan hakimiyyətinin böhranlı vəziyyətə reaksiyası çox mütəşəkkil olub və qaçqınlar bütün zəruri vasitələrlə təmin olunublar. Eyni zamanda, ərzaq, su, sığınacaq, tibbi yardımın göstərilməsi şəklində əlavə resurslar vacibdir.
Hesabatda deyilir ki, Əndicana humanitar yardımların gətirilməsi davam edir. Son günlər ərzində şəhərə su, çadırlar və qeyri-ərzaq mallarının olduğu onlarca humanitar yardım təyyarəsi gəlib.
Qeydiyyata alınmış qaçqınların sayı 75 min nəfər təşkil edir. Rəsmi məlumatlara görə, 3500-ə yaxın adam Qırğızıstana qayıtmaq üçün qeydiyyata durub.
BMT missiyası nümayəndələrinin söhbət etdikləri qaçqınların əksəriyyəti mümkün qədər tez vətənə qayıtmaq arzularını ifadə edib. Lakin onların sözlərinə görə, Qırğızıstandan ora qayıtmağın hələ təhlükəli olması barədə xəbərlər var.