...

Azərbaycan müxalifəti bu gün dediyini sabah inkar edir – partiya sədri

Siyasət Materials 12 Avqust 2010 14:12 (UTC +04:00)
Azərbaycan müxalifəti son vaxtlar qəribə olub, bu gün dediyini sabah inkar edir; bu gün qəbul etdiyi qərardan sabah geri çəkilir, - bunu cümə axşamı Trend-ə müxalif "Yaşıllar" partiyasının sədri Mais Güləliyev bildirib.
Azərbaycan müxalifəti bu gün dediyini sabah inkar edir – partiya sədri

Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycan müxalifəti son vaxtlar qəribə olub, bu gün dediyini sabah inkar edir; bu gün qəbul etdiyi qərardan sabah geri çəkilir, - bunu cümə axşamı Trend-ə müxalif "Yaşıllar" partiyasının sədri Mais Güləliyev bildirib.

"Altı aydan çox müddət ərzində biz müxalifət partiyaları ilə Parlament seçkilərinə birgə getməklə bağlı danışıqlar aparırıq, lakin hələ də razılıq əldə edə bilməmişik. Sözün həqiqi mənasında, müxalifət partiyalarına inamımız qalmayıb. Onlar istənilən vaxt öz fikirlərindən dönüb, qərarlarından daşına bilərlər. Ona görə çalışırıq ki, tam qərar qəbul olunmamış ictimaiyyətə çıxarmayaq", - Güləliyev əlavə edib.

Azərbaycanda Parlament seçkilərinin 2010-cu ilin noyabr ayının 7-də keçiriləcəyi gözlənilir. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

"İndiyə qədər "Azadlıq" bloku və "Ümid" partiyası ilə danışıqlar aparmışıq. "Ümid" partiyası ilə ayrıca blok yaratmaq barədə fikirlər var idi. Hazırda "Azadlıq" blokuna daxil olan partiyalarla danışıqlar aparırıq. Ancaq tam qərar qəbul edilmədiyinə görə, heç nə demək mümkün deyil. Çünki onlar özləri də hələ dəqiq bilmirlər ki, seçkilərə blok şəklində, yoxsa tək gedəcəklər", - Güləliyev deyib.

Azərbaycan Yaşıllar Partiyası 2006-cı ilin dekabrında yaradılıb və hələ Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmayıb. Avropanın Yaşıllar Partiyasında müşahidəçi statusu var.

Güləliyev qeyd edib ki, Parlamentdə təmsil olunan müxalifət partiyalarının da blok yaratmaq fikirləri var.

"Hazırda biz həmin partiyalarla da danışıqlar aparırıq. Lakin hələ də nəticə yoxdur", - partiya sədri deyib.

Xəbər lenti

Xəbər lenti