...

Niderland Parlamenti sədrinin Bakıya səfərinin ilkin proqramı açıqlanıb (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 7 Sentyabr 2010 14:21 (UTC +04:00)

RED.əlavəsi: dördüncü abzasdan sonra əlavə olunub

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir Y.Ostapenko/

Niderland Krallığı Parlamentinin spikeri, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sabiq rəhbəri Rene Van der Linden sentyabrın 7-də Bakıya ikigünlük rəsmi səfərə gələcək. Bu barədə Trend-ə Parlamentin mətbuat xidmətindən verilən məlumatda deyilir.

"Səfərin əsas məqsədi Azərbaycan və Niderland xalqları, həmçinin, iki ölkə parlamentləri arasında əlaqələrin möhkəmləndirilməsidir", - Niderland Parlamentinin əlaqələr üzrə məsləhətçisi Yuryen Bügel deyib.

Səfərin ilkin proqramına əsasən, çərşənbə günü səhər Bakıda Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarı önünə əklillər qoyulacaq.

Həmçinin, Van der Lindenin Milli Məclisin sədri Oqtay Əsədovla görüşü planlaşdırılır.

Hazırda Niderland və Azərbaycan arasında mütəmadi parlamentlərarası əməkdaşlıq yoxdur, lakin son illər qarşılıqlı maraq xeyli artıb.

Cari ilin iyulunda Hollandiya parlamentarları təcrübə və qazanılmış praktikanın mübadiləsi, mədəniyyətin, siyasətin və hər iki xalqın digər aspektlərinin öyrənilməsi məqsədilə Bakıda olublar.

Bundan əvvəl Van der Linden 2005-ci ildən 2008-ci ilədək başçılıq etdiyi AŞPA rəhbəri kimi Azərbaycana səfər edib.

Van der Linden bu mötəbər vəzifəni tutmaqla, Avropa qitəsində və ondan kənarda çoxtərəfli dövlətlərarası münasibətlərin bütün aspektlərində fəal iştirak edib. O, indi də Niderland Senatının sədri vəzifəsində rəsmi fəaliyyəti ilə yanaşı, fəal ictimai fəaliyyət aparır.

67 yaşlı Van der Linden Niderland Senatının sədri vəzifəsini ötən ilin oktyabrından tutub. O, 1999-cu ildən etibarən, Parlamentin Xristian-Demokratlar Partiyasının üzvüdür. Van der Linden əvvəllər xarici məsələlər üzrə dövlət katibi vəzifəsini tutub, Parlamentdə Nümayəndələr Palatasının üzvü olub, Aİ-nin komitələrindən birinə başçılıq edib.

Xəbər lenti

Xəbər lenti