Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə Dağıstanın Gənclər Siyasəti üzrə Komitəsi arasında 2011-2012-ci illər üzrə gənclərlə iş sahəsində tədbirlər planı imzalanıb.
Nazirliyin mətbuat xidmətinin bazar ertəsi yaydığı məlumata görə, sənəd gənclər və idman naziri Azad Rəhimovun rəhbərliyi ilə nümayəndə heyətinin dekabrın 16-da Dağıstana səfəri çərçivəsində imzalanıb.
Səfər müddətində hər iki qurum arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında niyyət protokolu da imzalanıb.
Səfər çərçivəsində Dərbənd rayon Cəmikənd kəndində ümummili lider Heydər Əliyevin büstü önünə qızıl güllər qoyulub, Heydər Əliyev adına Cəmikənd orta məktəbində ulu öndərin xatirə muzeyi ziyarət edilib.
Dərbənd rayon administrasiyasının rəhbəri K.S.Kurbanovla Dağıstan Respublikasının Milli Məclisinin sədri, Dərbənd şəhər administrasiyasının rəhbərliyi ilə də görüşlər keçirilib.
Dağıstan və Azərbaycan gənc rəssam və fotoqraflarının əl işlərindən ibarət sərginin acılış mərasimi, Dağıstan və Azərbaycan gənc istedadlarının iştirakı ilə qala-konsert keçirilib. Dağıstan və Azərbaycan gənclərinin müxtəlif mövzularda fikir mübadiləsi aparmaları üçün onların iştirakı ilə "dəyirmi masa" təşkil edilib.