...

Azərbaycan Prezidenti 2010-cu ildə "Jurnalistlərin dostu" mükafatına layiq görülüb

Siyasət Materials 22 Dekabr 2010 17:12 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev 2010-cu ildə "Jurnalistlərin dostu" mükafatına layiq görülüb.
Azərbaycan Prezidenti 2010-cu ildə "Jurnalistlərin dostu" mükafatına layiq görülüb

Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Prezidenti İlham Əliyev 2010-cu ildə "Jurnalistlərin dostu" mükafatına layiq görülüb.

2010-cu il dekabrın 1-dən 20-dək "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi 2010-cu ildə "Jurnalistlərin dostu" mükafatının qalibinin müəyyənləşdirilməsi ilə bağlı kütləvi informasiya vasitələri və jurnalist təşkilatları arasında sorğu keçirib.

Sorğuda iştirak edən KİV-lərin 81 faizi Azərbaycan Prezidenti İlham Əliyevi "Jurnalistlərin dostu" mükafatına ən layiqli namizəd hesab ediblər. Sorğunun nəticələrinə görə, "Azercell Telekom" MMC-nin prezidenti Əli Ağan 6 faiz səslə ikinci, Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov isə 5 faiz səslə üçüncü yeri tutublar. Respondentlərin adlarını anketlərə daxil etdikləri digər şəxslər ümumi səslərin 8 faizini qazanıblar.

Sorğuda 30 gündəlik, 19 həftəlik qəzet, 2 jurnal, 11 informasiya agentliyi, 13 jurnalist təşkilatı, 8 informasiya portalı, 7 televiziya və 3 radio kanalı, ümumilikdə 93 KİV iştirak edib. Mükafatın əsasnaməsinə uyğun olaraq, gündəlik qəzetlərə, televiziya kanallarına və informasiya agentliklərinə 2, digər KİV-lərə və jurnalist təşkilatlarına 1 anket vərəqi təqdim olunub. Respondentlərdən "2010-cu ilin yekunlarına görə hansı ictimai-siyasi xadimi, vəzifəli şəxsi jurnalistlərin dostu hesab edirsiniz" sualını cavablandırmaq xahiş olunub.

Mükafatın əsasnaməsinə görə, kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi sahəsində müstəsna xidmətləri olan şəxslər mükafatın laureatı ola bilərlər.

"RUH" AJMK-nın "Jurnalistlərin dostu" mükafatının təsis edilməsində əsas məqsəd cəmiyyətdə söz və məlumat azadlığı prinsiplərini inkişaf etdirmək, media ilə dövlət orqanları, özəl qurumlar, ictimai birliklər və siyasi partiyalar arasında əlaqələrin möhkəmlənməsinə kömək göstərmək, KİV-lərə qayğı ənənələrini stimullaşdırmaqdır.

1997-ci ildə təsis edilən mükafat sonuncu dəfə 2002-ci ildə ümummilli lider Heydər Əliyevə təqdim olunub.

Xəbər lenti

Xəbər lenti