Digər qəbul edilən sənədlər barədə məlumat əlavə olunub (ilk xəbər 16:37-də yayılıb)
Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir M.Əliyev/
Çərşənbə axşamı Azərbaycan Milli Məclisi yaz sessiyasının ilk iclasında "Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında" sazişi təsdiqləyib.
Bu saziş Xəzər dənizinin statusunun müəyyənləşdirilməsində vacib addımdır. Trend-in məlumatına görə, bu barədə müzakirələr zamanı deputat Aydın Mirzəzadə deyib.
Sazişin əsas məğzi ondan ibarətdir ki, orada Xəzər dənizinin statusunun yalnız sahilyanı ölkələr tərəfindən müəyyən edilməsi qeyd edilib.
Milli Məclisin iclasında Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin Birgə Bəyannaməsi də təsdiq edilib.
"Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında" saziş 2010-cu il noyabrın 18-də Bakıda imzalanıb.
Bundan başqa, çərşənbə axşamı Azərbaycan Parlamentinin iclasında "Azərbaycan Respublikası Hökuməti və İtaliya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında" saziş, Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslər üçün vizaların ləğv edilməsi haqqında" saziş, "Azərbaycan Respublikası və Portuqaliya Respublikası arasında diplomatik, xidməti və xüsusi pasportlara malik şəxslər üçün vizaların ləğv edilməsi haqqında" saziş, Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında" saziş, "Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Katibliyinin, onun heyətinin və Müşavirə üzvlərinin nümayəndələrinin imtiyaz və immunitetləri haqqında" Konvensiya təsdiq edilib.
Parlamentin iclasında Milli Məclisin İntizam və Hesablayıcı komissiyalarının tərkibi də təsdiqlənib. Deputatlar Fəttah Heydərov, Gülər Əhmədova, Mirkazım Kazımov, Səttar Mehbalıyev, Fazil Mustafa, Siyavuş Novruzov və Sədaqət Vəliyevadan ibarət İntizam komissiyası təşkil olunub. Hesablayıcı komissiyaya isə İsa Həbibbəyli, Qüdrət Həsənquliyev, Rafael Hüseynov, Xanhüseyn Kazımlı, Mübariz Qurbanlı, Zahid Oruc və Mixail Zabelin daxil edilib.