...

Azərbaycan Xarici İşlər Nazirliyi vətəndaşlara Yəmənə səfər etməməklə bağlı xəbərdarlıq edib

Siyasət Materials 22 Fevral 2011 13:25 (UTC +04:00)
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) vətəndaşlara Yəməndə baş verən son hadisələrlə bağlı xəbərdarlıq edib.
Azərbaycan Xarici İşlər Nazirliyi vətəndaşlara Yəmənə səfər etməməklə bağlı xəbərdarlıq edib

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir S.Ağayeva/

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) vətəndaşlara Yəməndə baş verən son hadisələrlə bağlı xəbərdarlıq edib.

Trend-in məlumatına görə, xəbərdarlıqda deyilir ki, fevral ayından başlayaraq Yəmənin paytaxt Sənada və Ədən şəhərində hökumət əleyhinə nümayişlər və polislə nümayişçilər arasında iğtişaşlar başlayıb. İğtişaşlar nəticəsində yaralananlar, çoxlu sayda həbs olunanlar və öldürülənlər olub.

XİN Azərbaycan vətəndaşlarına təhlükəsizlik baxımından Səna, Ədən, Saada, Dhamar, Marib Şabvah, Amran, Abyan və Cavf bölgələrinə səyahətlərin təxirə salınmasını tövsiyə edib.

"Yəmən ərazisində beynəlxalq sürücülük vəsiqəsi əsasında avtomobil idarə etmək mümkündür. Ölkə ərazisində sürücülük standartları aşağıdır, dağ yolları isə olduqca təhlükəli və risklidir. Gecə vaxtı əsas şəhərlərdən kənara maşın sürmək məsləhət görülmür. Əgər paytaxt Sənadan kənar ərazilərə maşınla səyahət etmək istəyirsinizsə, sizə Yəmən Turist Polisindən ilkin icazə lazımdır. Səyahət icazəsi 24 saat ərzində verilir və onu səyahət agentliyindən asanlıqla əldə edə bilərsiniz. Belə icazə olmadan səyahət sizin həbs olunmağınız və ya deportasiya olunmağınızla nəticələnə bilər. Ədən körfəzi və Hind okeanında müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilmədən üzən gəmilər üçün piratlıq ciddi bir təhlükədir. Bunları nəzərə alaraq Yəmənə səfər etmək istəyən Azərbaycan vətəndaşlarına ehtiyatlı olmaları, vacib olmadıqda səfərlərini təxirə salmaları tövsiyə olunur", - XİN-in məlumatında deyilir.

Yəməndə daimi, müvəqqəti yaşayan və olan Azərbaycan vətəndaşlarının ölkədə elan olunmuş mövcud qaydalara əməl etmələri və iğtişaşlara qarışmamaları, yaranmış hər hansı problemlə əlaqədar onlara yardım göstərilməsi üçün Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyinə və səfirliyin Ciddə şəhərindəki ofisinə müraciət etmələri tövsiyə olunur.

Azərbaycanın xarici ölkələrdəki bütün səfirlik və konsulluqlarının ünvanları Azərbaycan Respublikası XİN-in internet səhifəsində (www.mfa.gov.az) yerləşdirilib. Xarici ölkələrdə daimi, müvəqqəti yaşayan və olan Azərbaycan vətəndaşlarına fövqəladə hallar və digər təhlükələr zamanı lazımi kömək göstərilməsi üçün səfirlik və konsulluqlarla əlaqə saxlamaları, konsulluq qeydiyyatına durmaları tövsiyə edilir.

Xəbər lenti

Xəbər lenti