...

Azərbaycanda korrupsiyaya qarşı mübarizənin ən vacib şərtlərindən biri ədalətli məhkəmə sisteminin qurulmasıdır - Prezident Administrasiyası

Siyasət Materials 3 Mart 2011 14:02 (UTC +04:00)
Korrupsiyaya qarşı mübarizənin həyata keçirilməsində ən vacib şərtlərdən biri də ədalətli, qərəzsiz və müstəqil məhkəmə sisteminin qurulmasıdır.
Azərbaycanda korrupsiyaya qarşı mübarizənin ən vacib şərtlərindən biri ədalətli məhkəmə sisteminin qurulmasıdır - Prezident Administrasiyası

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir K.Zərbalıyeva/

Korrupsiyaya qarşı mübarizənin həyata keçirilməsində ən vacib şərtlərdən biri də ədalətli, qərəzsiz və müstəqil məhkəmə sisteminin qurulmasıdır. Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov "Azərbaycan" qəzetinə müsahibəsində bildirib.

"Son illər məhkəmə sistemində həyata keçirilən islahatlar belə neqativ halların aradan qaldırılmasına yönəldilib", - Ələsgərov deyib.

Şöbə müdiri bildirib ki, fiziki və hüquqi şəxslər hakimlər barəsində korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı birbaşa Məhkəmə-Hüquq Şurasına müraciət edə bilərlər.

Ələsgərovun sözlərinə görə, bu ildən qüvvəyə minən "İnzibati icraat haqqında" qanun inzibati icraat çərçivəsində vətəndaşlarla dövlət arasında münasibətlərin tənzimlənməsinə, inzibati idarəçiliyin sadələşdirilməsinə və səmərəliliyinin artırılmasına xidmət edir. Qanunvericilik inzibati aktların qəbul, icra və ya ləğv edilməsi ilə bağlı inzibati orqanların fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini müəyyən edir, həmçinin inzibati şikayətlər üzrə icraat, inzibati orqanların və vəzifəli şəxslərin məsuliyyətinə dair məsələləri nizama salır.

Ələsgərov ölkədə korrupsiyaya qarşı aparılan mübarizəni Dünya Bankının hansısa qrantı ilə əlaqələndirməyi düzgün hesab etməyib və bildirib ki, bir çox sahələrdə, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində də beynəlxalq təşkilatlarla əməkdaşlıq mövcuddur və belə əməkdaşlıq bundan sonra da davam etdiriləcək.

"Biz korrupsiyaya qarşı mübarizəyə dövlət siyasətinin tərkib hissəsi kimi baxırıq. Bu mübarizə bu gün başlamayıb, neçə illərdir gedir! Sadəcə, həyata keçirdiyimiz və bundan sonra da görəcəyimiz tədbirlər keyfiyyətcə yeni məzmun kəsb edir. Məqsədimiz isə ölkəmizdə yüksək sosial rifaha, iqtisadi inkişafı təmin edəcək qanunun aliliyinə nail olmaqdır", - PA rəsmisi vurğulayıb.

Xəbər lenti

Xəbər lenti