...

NATO xüsusi nümayəndəsinin Gürcüstan və Ermənistana səfəri təxirə salınıb

Siyasət Materials 19 Mart 2011 13:09 (UTC +04:00)
NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ceyms Apapturayın gələn həftə Tbilisi və Yerevana planlaşdırılan ilk səfəri Şimali Afrikada baş verən hadisələrlə əlaqədar təxirə salınıb.
NATO xüsusi nümayəndəsinin Gürcüstan və Ermənistana səfəri təxirə salınıb

Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir Y.Ostapenko/

NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ceyms Apapturayın gələn həftə Tbilisi və Yerevana planlaşdırılan ilk səfəri Şimali Afrikada baş verən hadisələrlə əlaqədar təxirə salınıb.

"Təəssüf ki, NATO-nun xüsusi nümayəndəsi Gürcüstana və Ermənistana səfərini təxirə salmağa məcbur olub. Alyansın baş katibi ona Şimali Afrikadakı vəziyyətin sabitləşdirilməsi üzrə siyasi əməliyyatların əlaqələndirilməsi üçün Brüsseldə qalmağı tapşırıb", - NATO-nun mətbuat ofisindən Trend-ə bildirilib.

Fevral ayının ortalarından Aralıq dənizinin sahillərində yerləşən Liviyada ölkəni 40 ildən artıq idarə edən Qəddafinin istefası tələbi ilə etirazlar keçirilir. Ölkə vətəndaş müharibəsi vəziyyətindədir. Qəddafinin nəzarət etdiyi Liviya aviasiyası üsyançıların olduğu ərazilərə hər gün zərbələr endirir.

BMT Təhlükəsizlik Şurasının martın 17-də Liviya aviasiyası üçün hava məkanının bağlanmasını, yerüstü qüvvə tətbiq etmədən hərbi əməliyyatların mümkünlüyünü, eləcə də Liviya Milli Neft Şirkətinin və onun Mərkəzi Bankının hesablarının dondurulmasını nəzərdə tutan qətnamə qəbul etməsindən sonra hakimiyyət cümə günü üsyançılara qarşı bütün hərbi əməliyyatların dayandırıldığını bəyan edib.

NATO-nun mətbuat ofisinin məlumatına görə, Appaturay Cənubi Qafqaza ilk fürsət düşən kimi səfər edəcək, çünki NATO region ölkələri ilə münasibətlərə böyük önəm verir.

Bir az əvvəl xüsusi nümayəndənin Bakıya səfərinin başqa vaxta keçirildiyi elan edilmişdi. Səfər martın sonlarına planlaşdırılmışdı, lakin ölkədə bu dövrdəki bayramlarla əlaqədar iyunadək təxirə salınıb.

Appaturay yeni vəzifəyə ötən ilin noyabrında təyin olunub. Əvvəllər 7 il ərzində xüsusi nümayəndə vəzifəsini Robert Simmons tutmuşdu. Xüsusi nümayəndənin vəzifəsi NATO-nun regionda məqsədlərinin inkişafı - regional təhlükəsizliyə kömək və NATO əməkdaşlıq proqramlarının gələcək irəliləməsi üçün regional liderlərlə işgüzar əlaqələrin dəstəklənməsindən ibarətdir.

NATO-nun Cənubi Qafqaz dövlətləri - Azərbaycan, Gürcüstan və Ermənistanla əməkdaşlığı əsasən "Sülh naminə tərəfdaşlıq", "Fərdi tərəfdaşlıq üzrə fəaliyyət planı", eləcə də "Planlaşdırma və təhlil prosesi" proqramları çərçivəsində həyata keçirilir. Bu sənədlərdə tərəfdaş ölkələrin Şimali Atlantika Alyansı ilə müdafiə, təhlükəsizlik və hərbi siyasətə aid məsləhətləşmələrin aparılması üzrə məqsəd və niyyətləri müəyyən edilib.

Cənubi Qafqaz ölkələrinin NATO ilə əməkdaşlığı Avropa inteqrasiyası, regionda təhlükəsizlik və sabitliyin təmini yolunda addım kimi dəyərləndirilir.

Xəbər lenti

Xəbər lenti