...

Azərbaycanın müxalifət partiyası qurultaya hazırlaşır

Siyasət Materials 21 Aprel 2011 17:01 (UTC +04:00)
Azərbaycanın müxalif Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) qurultaya hazırlaşır.
Azərbaycanın müxalifət partiyası qurultaya hazırlaşır

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) qurultaya hazırlaşır. Trend-in cümə axşamı KXCP-nin mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, partiyanın II qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin növbəti toplantısı keçirilib.

Toplantıda partiyanın II qurultayına hazırlığın vəziyyəti müzakirə edilib. Ordubad, Göyçay, Mingəçevir, Qaradağ, Binəqədi, Füzuli, Ağsu, Saatlı, Oğuz və Qəbələ rayon şöbələrinin yığıncaqlarında səlahiyyətli nümayəndə olaraq iştirak etmiş II qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin üzvlərinin məlumatları dinlənilib. Konfranslarda partiyanın Nizamnaməsinə uyğun olaraq rayon şöbələrinin sədrləri, Ali Məclis üzvləri və II qurultaya nümayəndələr seçilib.

Toplantıda partiyanın 35 rayon şöbəsinin konfransının keçirildiyi təsdiqlənib və II qurultaya hazırlıqla əlaqədar işin sürətləndirilməsi qərara alınıb.

Toplantıda qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin növbəti yığıncağında partiyanın II qurultayına hazırlığın vəziyyətinin daha geniş müzakirəsinin keçirilməsi qərara alınıb.

Klassik Xalq Cəbhəsi Partiyası 2006-cı ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasında yaranmış ideoloji fikir ayrılığı səbəbindən partiyanın iki yerə bölünməsindən yaranıb. 2007-ci ildə qeydiyyatdan keçib. İdeologiyasının əsasında bütöv Azərbaycan, milli-demokratiya, müsavatçılıq ideyaları dayanır. Partiya siyasi sistemdə sağ mövqedə dayanır. Partiyanın hazırkı sədri Mirmahmud Mirəlioğludur.

Xəbər lenti

Xəbər lenti