Prezident İlham Əliyev: Azərbaycanın tərəqqisi elmin inkişafı olmadan mümkün deyil (ƏLAVƏ OLUNUB) (FOTO)

Prezident İlham Əliyev: Azərbaycanın tərəqqisi elmin inkişafı olmadan mümkün deyil (ƏLAVƏ OLUNUB) (FOTO)

Prezidentin nitqi əlavə olunub (ilk xəbər 17:33-də yayılıb)

Aprelin 26-da Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağı keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yığıncaqda iştirak etmişdir, məlumatı Prezidentin rəsmi saytı yayıb.

Dövlətimizin başçısı əvvəlcə Azərbaycan Milli Elmlər Akademiyasının binası ətrafında aparılan yenidənqurma və abadlıq işləri ilə tanış oldu.

Akademiyanın prezidenti Mahmud Kərimov bildirdi ki, ərazidə fəaliyyət göstərən Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutlarında yenidənqurma işləri görülmüş, binalar təmir olunmuş, geniş yaşıllıq zolağı salınmışdır. 2007-ci ilin sonundan başlanan təmir və yenidənqurma tədbirlərinin tamamlandığı, iş otaqlarının zəruri avadanlıqla təchiz olunduğu, akademiya işçilərinin elmi fəaliyyəti üçün hər cür şəraitin yaradıldığı qeyd edildi.
Prezident İlham Əliyev binanın əvvəlki vəziyyətini və aparılmış təmir işlərini əks etdirən fotolara baxdı.

Bildirildi ki, dövlətimizin başçısının qayğısı sayəsində paytaxtın gözəl memarlıq nümunəsi olan Azərbaycan Milli Elmlər Akademiyasının binası yenidən möhtəşəm görkəmi ilə Bakıya yaraşıq verir.

Sonra Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağı keçirildi.
Yığıncağı AMEA-nın prezidenti Mahmud K\rimov giriş sözü ilə açaraq dedi:

"Möhtərəm cənab Prezident!
Sizin Bakı şəhərinin unikal memarlıq incisi sayılan Azərbaycan Milli Elmlər Akademiyası binasının əsaslı təmir və yenidən qurulmasından sonra onun açılış mərasimində iştirakınız, həmçinin əlamətdar hadisə olan Akademiyanın illik ümumi yığıncağına gəlişiniz ölkəmizin elmi ictimaiyyəti tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılanır.
Azərbaycan Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutlarının böyük bir hissəsi keçən əsrin 60-cı illərində görkəmli memar, akademik Mikayıl Hüseynovun layihəsi əsasında tikilmiş bu binada yerləşir. Bu bina uzun illər ölkəmizin elm məbədgahı funksiyasını yerinə yetirmişdir. Sizin xüsusi tapşırığınıza əsasən bu möhtəşəm binada 2007-ci ilin sonundan əsaslı təmir və yenidənqurma işlərinə başlanılmışdır. Budur, artıq bu bina klassik memarlıq xüsusiyyətləri ilə modern memarlıq üslubunu özündə birləşdirən möhtəşəm bir sənət abidəsi kimi yenidən alimlərin ixtiyarına verilir.

Xüsusi olaraq qeyd etmək istərdim ki, son illərdə Akademiyanın elmi-tədqiqat müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, binalarının əsaslı təmiri və yenidən qurulması intensiv hal almışdır. Sizin birbaşa göstərişiniz əsasında Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasının, Milli Azərbaycan Tarixi Muzeyinin, Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin əsaslı təmirini misal gətirmək olar. Buna görə mən Akademiyanın çoxsaylı kollektivi, bütövlükdə, respublikamızın elmi ictimaiyyəti və şəxsən öz adımdan Sizə dərin minnətdarlığımı bildirirəm.

Ümummilli liderimiz Heydər Əliyevin həm sovet hakimiyyəti, həm də müstəqillik illərində elmin inkişafı sahəsində yeritdiyi ardıcıl siyasət nəticəsində Azərbaycan Milli Elmlər Akademiyası qorunub saxlanılmış, fəaliyyət dairəsi xeyli genişləndirilmiş, səlahiyyətləri artırılmışdır. Azərbaycanda elmi-texniki potensialı qorumaq və inkişaf etdirmək, iqtisadiyyatı gücləndirmək, mədəniyyəti zənginləşdirmək, xalqın milli mənafeyini qorumaq baxımından onun qarşısında mühüm vəzifələr qoyulmuşdur.

Cənab Prezident!
Siz digər sahələrdə olduğu kimi, dövlətin elm siyasəti sahəsində də ümummilli liderimiz Heydər Əliyevin ənənələrini davam etdirir, Azərbaycanın milli sərvətinin ayrılmaz tərkib hissəsi olan elmi potensialın qorunmasını, inkişaf etdirilməsini dövlət siyasətinin ən vacib istiqamətlərindən biri hesab edirsiniz. Sizin Akademiya işçilərinin maddi rifah halının yaxşılaşdırılmasına, onun strukturunun təkmilləşdirilməsinə, milli cəmiyyət və demokratik dövlət quruculuğu işində elmi potensialdan istifadəyə yönəlmiş sərəncamlarınız bunun bariz nümunəsidir.

Siz Milli Elmlər Akademiyasının ölkəmizin iqtisadi, sosial və mədəni inkişafında, elmi kadrların hazırlanmasında rolunu, həmçinin Akademiya əməkdaşlarının yaradıcı əməyini qiymətləndirərək onların bir çoxunu müstəqil Azərbaycanın orden, medal və fəxri adları ilə təltif etmisiniz.

Cənab Prezident!
Hazırda respublikanın ictimai həyatında əlamətdar hadisələrdən biri Sizin xüsusi Sərəncamınızla təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının iyirminci ildönümünün təntənəli şəkildə qeyd edilməsidir. Siz yubiley tədbirlərinin həyata keçirilməsi üçün digər dövlət orqanları ilə bərabər Akademiyanı da tədbirlərin icrası üzrə məsul təşkilat kimi müəyyənləşdirmisiniz. Bunu Sizin tərəfinizdən Akademiyaya göstərilən böyük etimad hesab edirik.

Sizin Akademiyaya xüsusi diqqət və qayğınız, bu sahədə həyata keçirdiyiniz siyasət, bu siyasətin göstəricisi olan əməli addımlarınız Akademiyanın çoxsaylı kollektivi qarşısında yeni vəzifələr qoyur. Hazırda Azərbaycan elmi Sizin Sərəncamınızla təsdiq edilmiş "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın prinsiplərinə və tələblərinə uyğun fəaliyyət göstərir.

Möhtərəm cənab Prezident!
Hörmətli yığıncaq iştirakçıları!
Azərbaycan Milli Elmlər Akademiyasının 2010-cu il aprelin 29-da keçirilmiş illik ümumi yığıncağından sonra Akademiyanın yeddi üzvü dünyasını dəyişmişdir.
Bunlar akademik Fuad Qasımzadə, akademik Toğrul Şahtaxtinski, akademik Musa Musayev, akademik Cəmil Quliyev, akademik Məhəmməd Emin Şahtaxtinski, akademiyanın müxbir üzvü Səlim Musayev, akademiyanın müxbir üzvü Zemfira Verdiyevadır. Xahiş edirəm, akademiya üzvlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edək".

Akademiyanın vəfat etmiş üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Kərimov sözünə davam edərək dedi ki, bu gün biz bu salona Azərbaycan Milli Elmlər Akademiyasının 2010-cu ildəki fəaliyyəti və respublikanın digər elm və təhsil müəssisələrində yerinə yetirilmiş elmi-tədqiqat işlərinin əsas nəticələri haqqında hesabatı müzakirə etmək üçün toplaşmışıq.

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti tərəfindən təsdiq edilmiş siyahı tərkibi 53 həqiqi üzvdən (akademik) və 106 müxbir üzvdən ibarətdir. İclasda 49 akademik və 95 müxbir üzv iştirak edir. Bu, o deməkdir ki, yetərsay vardır. Beləliklə, iclas öz işinə başlamağa səlahiyyətlidir.

Ümumi iclasın gündəliyində bir məsələ vardır: Azərbaycan Milli Elmlər Akademiyasının 2010-cu ildəki fəaliyyəti və respublikanın digər elm və təhsil müəssisələrində yerinə yetirilmiş elmi-tədqiqat işlərinin əsas nəticələri haqqında hesabat.Gündəlik səsə qoyuldu və qəbul olundu, reqlament müəyyənləşdirildi.

Akademiyanın prezidenti sözünə davam edərək bildirmişdir ki, 2011-ci il olduqca əlamətdar bir ildir. Məhz bu ildə bizim dövlət müstəqilliyinin bərpasının 20 ili tamam olur. Bu 20 ilə nəzər salaraq, böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra onun ictimaiyyətlə ilk görüşü Elmlər Akademiyasında keçirilmişdir. Əgər hakimiyyət Milli Elmlər Akademiyasını xalqımızın milli sərvəti sayırdısa, Akademiya da daim Azərbaycan dövlətçiliyini göz bəbəyi kimi qorumağa çalışırdı.

Biz müxtəlif formatda cənab Prezidentlə elmin problemlərini müzakirə etmişik. Prezidentimiz Milli Elmlər Akademiyasının illik yığıncağında iştirak edir.
İcazə verin, hamınızın adından ali qonağı bir daha salamlayım və onu çıxış üçün tribunaya dəvət edim.

Prezident İlham Əliyev yığıncaqda giriş nitqi söylədi.
"Əziz dostlar! Hörmətli xanımlar və cənablar!
İlk növbədə, məni akademiyaya dəvət etdiyinizə görə sizə minnətdarlığımı bildirmək istəyirəm. Bu gün akademiyanın ümumi illik yığıncağı keçirilir. Əminəm ki, yığıncaq çox uğurlu keçəcəkdir və Azərbaycan elminin gələcək inkişafı üçün burada çox dəyərli fikirlər səslənəcəkdir. Akademiyanın əsas binasında çox gözəl təmir işləri aparılmışdır. Qısa müddət ərzində çox gözəl işlər görülmüşdür və bildiyimə görə, akademiyanın digər binalarında da təmir işləri aparılır. Burada yaradılan şərait artıq ən yüksək səviyyəyə cavab verir. Bütövlükdə akademiyanın maddi-texniki bazasının möhkəmləndirilməsi işində konkret addımlar atılır. Bu siyasət bundan sonra da davam etdiriləcəkdir. Elə etməliyik ki, akademiyanın bütün ehtiyacları təmin olunsun və maddi-texniki bazası daha da gücləndirilsin.

Azərbaycan Elmlər Akademiyası 1945-ci ildən fəaliyyət göstərir. 1945-ci ildən bu günə qədər akademiya böyük və uğurlu yol keçmişdir. Alimlərimiz Azərbaycanın inkişafına müxtəlif dövrlərdə dəyərli töhfələrini vermişlər. Azərbaycan müstəqilliyə qovuşanda isə müxtəlif fikirlər var idi. Hətta, - siz yəqin ki, bunu yaxşı xatırlayırsınız, - 1992-ci ildə akademiyanın ləğvi barədə, bağlanması haqqında təkliflər irəli sürülmüşdür.

Əgər 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıtmasaydı, yəqin ki, akademiyanın taleyi çox acınacaqlı ola bilərdi. Məhz Heydər Əliyevin Azərbaycan elminə bütün dövrlərdə göstərdiyi diqqət və qayğı nəticəsində elmin inkişafı sürətlə aparılırdı. Müstəqil yaşamağa başlayanda əlbəttə ki, ölkədə mövcud olan ciddi iqtisadi və sosial məsələlər gündəliyin birinci sıralarında idi. Ancaq bununla bərabər, ulu öndər Heydər Əliyev Azərbaycanın gələcəyini düşünərək və uzaqgörənliklə, müdrikliklə bütün dövrlərdə, o cümlədən müstəqillik dövründə elmin inkişafına çox böyük diqqət göstərmişdir.

Burada səsləndi və təsadüfi deyil ki, hakimiyyətə qayıdandan sonra onun Azərbaycan ictimaiyyəti ilə ilk görüşü məhz akademiyada olmuşdur.

Akademiyada Azərbaycanın intellektual elitası cəmlənib. Akademiyanın inkişafı Azərbaycanda elmin inkişafına birbaşa təsir göstərir. Əgər inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, həmin ölkələrin uğurlarının təməlində ideya, fikir, innovasiya, elmi-texniki tərəqqi dayanır. Biz də ölkəmizdə müxtəlif istiqamətlərdə islahatlar apararkən müasirləşməyə üstünlük veririk. Müasir dövlətin qurulması elmin inkişafı olmadan mümkün deyildir.

Bu gün Heydər Əliyev siyasəti Azərbaycanda bütün istiqamətlərdə davam etdirilir, o cümlədən dövlətin elmə olan münasibətində də özünü göstərir. Təsadüfi deyil ki, akademiyanın maddi-texniki bazasının möhkəmləndirilməsi işinə çox böyük diqqət göstərilir. Eyni zamanda, akademiyanın fəaliyyətinin genişləndirilməsi və elmi tədqiqatların iqtisadiyyatla, bizim iqtisadi siyasətlə uzlaşması üçün konkret addımlar atılır.

2009-cu ildə Elmin İnkişafı üzrə Milli Strategiya və Dövlət Proqramı qəbul edilmişdir, ondan sonra Elmin İnkişafı Fondu yaradılmışdır. Bu fondun xətti ilə nəinki müasir avadanlığın alınması öz həllini tapır, eyni zamanda, müxtəlif qrantlar verilir ki, biz Azərbaycanda elmi araşdırmaları stimullaşdıraq" Prezident nitqində söyləyib.

Dövlət başçısı deyib ki, Azərbaycan müstəqil dövlət kimi uğurlu siyasət aparır. Ölkəmiz inkişaf edir. Bu inkişaf özünü bütün istiqamətlərdə göstərir.
"Əlbəttə, elmin inkişafı da ümumi inkişaf templəri ilə uzlaşmalıdır. Azərbaycanda elmin, ali təhsilin, iqtisadiyyatın birliyi yaradılmalıdır. Bizim üçün elmin inkişafı ilə bağlı əsas məsələ prioritetlərin düzgün seçilməsidir. İşimizi bu prioritetlər üzərində qurmaq üçün konkret təkliflər verilməlidir.

Bütün dövrlərdə alimlərimiz Azərbaycanın müxtəlif istiqamətlərdə inkişafına dəyərli töhfələrini vermişlər. İndiki şəraitdə, müstəqilliyimizin inkişafı və möhkəmlənməsi şəraitində, əlbəttə elmi potensialın güclənməsinə böyük ehtiyac vardır.

Azərbaycan alimləri, bir də demək istəyirəm ki, müxtəlif sahələrdə öz sözünü demişlər. Azərbaycanda dünya səviyyəsində aparılan araşdırmalar da öz müsbət təsirini göstərmişdir. Geoloq alimlərimiz ölkəmizin təbii resurslarının kəşfi ilə bağlı əvəzolunmaz xidmətlər göstərmişlər. Bu gün bu təbii resurslar ölkəmizin müstəqilliyini gücləndirir, müstəqil siyasət aparmaq imkanlarımızı böyük dərəcədə şərtləndirir.

XX əsrin ortalarında Xəzər dənizində dünyada ilk dəfə kəşf edilmiş neft bu gün müstəqil Azərbaycana xidmət göstərir. Azərbaycanda uğurlu neft strategiyasının aparılması nəticəsində bu gün biz enerji təhlükəsizliyimizi tam şəkildə təmin edə bilmişik. Təbii resurslardan çox səmərəli şəkildə istifadə edirik. Avropanın enerji təhlükəsizliyi məsələlərinin həlli üçün səylərimizi göstəririk. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün ən vacib tərəfdaşlardan biridir.

Əgər vaxtilə alimlərimiz böyük neft-qaz yataqlarını kəşf etməsəydilər və Azərbaycanın bu təbii resursları olmasaydı, müstəqil həyatımız başqa istiqamətdə inkişaf edə bilərdi. Bir daha demək istəyirəm ki, bu amil iqtisadi müstəqillik verir. Beləliklə, Azərbaycanda siyasi müstəqillik də lazımi səviyyədədir. Hesab edirəm ki, gələcək illərdə bu sahədə əlavə tədbirlər görülməlidir.

Bu gün maliyyə resurslarımız belə imkanlar yaradır. Elə etməliyik ki, bundan sonra da uzun illər, onilliklər ərzində Azərbaycan dünya enerji bazarında öz rolunu daha da artırsın və milli maraqlarımız tam şəkildə təmin edilsin.

Hesab edirəm ki, bütövlükdə Xəzər dənizinin tədqiqi ilə bağlı əlavə addımlar atılmalıdır. Bu istiqamətdə böyük işlər görülüb, ancaq biz hələ də Xəzər dənizini istədiyimiz qədər bilmirik, tanımırıq. Ona görə, elmi sahədə bu məsələ daim diqqət mərkəzində olmalıdır" Prezident deyib.

İlham Əliyev qeyd edib ki, bu gün Azərbaycan iqtisadiyyatı qarşısında duran çağırışlar elmin inkişafı ilə bilavasitə bağlı olmalıdır.
"Bu gün biz böyük neft-kimya kompleksinin tikilməsi üzərində işləyirik. Neft-kimya sahəsində böyük perspektivlər vardır. Nəzərə alsaq ki, ölkəmizdə bu istiqamətdə bütün dövrlərdə çox güclü elmi məktəb olmuşdur, bu, iqtisadi gücümüzü artıracaq, yeni iş yerlərinin açılmasına gətirib çıxaracaqdır. Hesab edirəm ki, bu gün alimlərimiz öz işlərini bu sahə üzrə müvafiq dövlət qurumları ilə əlaqəli şəkildə aparmalıdırlar. Azərbaycan hökumətinə müvafiq göstərişlər verilmişdir ki, bu sahəyə biz Azərbaycan elmini də cəlb edək.

Bu gün ölkə qarşısında duran vəzifələr prioritetlər əsasında müəyyən edilib. Elm qarşısında duran məsələ də eyni qaydada həll olunmalıdır. Yenə də demək istəyirəm ki, ilk növbədə enerji təhlükəsizliyi məsələləri gündəlikdə durmuşdur. Bu məsələlər öz həllini tapıbdır və hazırda biz ölkəmizin hərtərəfli inkişafı ilə bağlı siyasətimizi aparırıq. İqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafı ilə bağlı çox ciddi addımlar atılıbdır. Konkret proqramlar icra edilir. Bu proqramlar öz bəhrəsini verməkdədir.

Son yeddi ildə Azərbaycanda bir milyona yaxın yeni iş yerləri açılmışdır ki, bunların mütləq əksəriyyəti qeyri-neft sektorunda yaradılmışdır. Bütövlükdə Azərbaycan iqtisadiyyatının uğurlu inkişafı dünya miqyasında bir fenomendir. Son bir neçə il ərzində ölkəmizdə iqtisadi artım ən yüksək səviyyədədir və biz bu göstəriciyə görə dünya miqyasında birinci yerdəyik. Bununla bərabər, iqtisadiyyatın hərtərəfli inkişafı da beynəlxalq maliyyə qurumları tərəfindən qiymətləndirilir. Azərbaycanın bütün beynəlxalq reytinqləri artır.

Hətta böhranlı 2009-2010-cu illərdə bu göstəricilər ən yüksək səviyyədədir. Bununla bərabər, biz uzunmüddətli inkişaf strategiyamızı müəyyən edərkən mütləq güclü elmi bazaya arxalanmalıyıq. Biz iqtisadi inkişafımızın gələcək istiqamətlərini müəyyən edərkən güclü elmi əsaslara söykənməliyik. Burada düzgün proqnozlar verilməlidir. Biz nəinki beşillik proqramı icra edərkən bu məsələlərlə məşğul olmalıyıq, uzaq gələcəyə baxmalıyıq - 20 ildən, 30 ildən sonra Azərbaycan hansı imkanlar hesabına inkişaf edəcəkdir?!

Azərbaycanda elə güclü potensial yaradılmalıdır ki, ölkəmizin inkişafı uzunmüddətli, uğurlu və dayanıqlı olsun. Biz neft-qaz amilindən asılılığımızı tədricən azaldırıq. Artıq bu istiqamətdə müəyyən işlər görülmüşdür. Gələcəkdə isə biz çoxşaxəli iqtisadiyyat yaratmaqla elmi əsaslara söykənərək, dayanıqlı inkişaf modelimizi qurmalıyıq. Burada əlbəttə ki, alimlər öz sözünü deməlidirlər. Biz hökumətlə bərabər, dövlət strukturları ilə birgə bu fəaliyyəti gücləndirməliyik. Ona görə, bu sahədə aparılan işlərə xüsusi diqqət göstərilməlidir.
Biz hazırda ərzaq təhlükəsizlik məsələləri ilə çox ciddi məşğuluq.

Bildiyiniz kimi, sovet dövründə vahid xalq təsərrüfatı kompleksi mövcud idi. Bu məsələlər sovet hökuməti tərəfindən tənzimlənirdi. Müstəqillik dövründə, xüsusilə bəzi hallarda təbii fəlakətlər nəticəsində ərzaqla bağlı yaranan çətinliklərlə üzləşərək biz ərzaq təhlükəsizliyi məsələlərimizi daxili imkanlar hesabına təmin etməliyik. Bu istiqamətdə işlər aparılır.
Azərbaycanda sahibkarlığın inkişafının dəstəklənməsi, kreditlərin verilməsi, özəl sektorun inkişafı - bütün bu məsələlər bir məqsədi güdür ki, biz ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin edək.

Hesab edirəm ki, növbəti 2-3 il ərzində biz özümüzü əsas ərzaq məhsulları ilə təmin etməliyik və bununla bərabər, çox güclü ixrac potensialımızı da yaratmalıyıq. Ona görə, aqrar elmlərin inkişafı və iqtisadı inkişafla uzlaşması xüsusi məna daşıyıb. Hesab edirəm ki, Milli Elmlər Akademiyasının aqrar bölməsinin yaradılması üçün konkret addımlar atılmalıdır. Vaxt itirmədən bu bölmə yaradılmalıdır və fəal işə başlamalıdır. Beləliklə, əgər bu məsələlər öz həllini taparsa hesab edirəm ki, bu, Azərbaycan elminin inkişafına güclü təkan olacaq, sifarişlər veriləcəkdir.

Dövlət qurumları və özəl sektor tərəfindən sifarişlər verilməlidir. Alimlərimiz bu sifarişlər əsasında işləyəcəklər. Nəzərə alsaq ki, Azərbaycan dövləti bundan sonra da elmin inkişafı üçün maliyyə dəstəyini verəcək, beləliklə, biz elmin inkişafına uğurla nail ola bilərik"dövlət başçısı çıxışında deyib.

Prezident bildirib ki, ölkəmizdə hazırda müasirləşmə siyasəti aparılır.
"Bu siyasət özünü bütün istiqamətlərdə göstərməkdədir. Xüsusilə elmi-texniki tərəqqi ilə bağlı addımlarımız gələcəyə yönəldilib. Bəlkə biz gənc müstəqil ölkə üçün xas olmayan təşəbbüslərlə çıxış edirik. Azərbaycanda kosmik sənayenin yaradılması prosesi gedir. Mən əminəm ki, bu proses sürətlə gedəcəkdir.

Bu, bizim dövlət siyasətimizdir. Hesab edirəm ki, birinci telekommunikasiya peykinin orbitə çıxarılmasından sonra bu sahəyə daha da böyük təkan veriləcəkdir. Azərbaycanda çox güclü kosmik sənaye yaradılacaqdır. Azərbaycan elmi də bu təşəbbüslərə öz dəstəyini verməlidir. Burada əlbəttə ki, beynəlxalq əlaqələr öz rolunu oynamalıdır.

Dünyanın aparıcı elmi mərkəzləri ilə əməkdaşlıq səviyyəsi daha da güclü olmalıdır. Çünki bu sahədə bizdə olan potensial hesab edirəm ki, hələ istədiyimizə cavab vermir. Bütövlükdə beynəlxalq elmi mərkəzlər ilə əməkdaşlıq daha da geniş olmalıdır.

İnformasiya-kommunikasiya sektorunda uğurlarımız göz qabağındadır. Qısa müddət ərzində bu sahədə böyük nailiyyətlər əldə edilmişdir. Bu gün MDB məkanında Azərbaycan İKT ilə bağlı ön sıralardadır. Ancaq vəzifəmiz bununla bitmir. Yəni, istəyimiz ondan ibarətdir ki, Azərbaycan dünya miqyasında İKT-nin inkişafı üzrə birinci sıralarda olsun.

Dövlət dəstəyi, maliyyə təminatı göstərilir, bəzi hallarda kreditlərin verilməsi ilə əlaqədar beynəlxalq maliyyə qurumları ilə aparılan danışıqlar nəticə verməyəndə, Azərbaycan dövləti öz maliyyə imkanlarını təşkil edir. İndi imkanlarımız genişlənir və elmin, elmi tərəqqinin inkişafına xüsusi diqqət göstərilməlidir, xüsusilə İKT sektorunda. Çünki İKT-nin inkişafı bir neçə məqsədi güdür. İlk növbədə bu, Azərbaycanın intellektual potensialının inkişafına xidmət göstərəcəkdir.

Ölkədə gedən müasirləşmə siyasətinə dəstəyini verəcəkdir. Digər tərəfdən, bu sahədə çox böyük iqtisadi imkanlar vardır. Gələcəkdə İKT sektorunda yaranacaq gəlir Azərbaycan iqtisadiyyatının inkişafına çox böyük təsir göstərəcəkdir. Ona görə, hesab edirəm ki, akademiyada bu istiqamətdə daha da ciddi addımlar atılmalıdır.

Biz hərbi sənaye kompleksini yaradırıq. Qısa müddət ərzində demək olar ki, yaratmışıq. Bu gün Azərbaycanda 430 adda hərbi təyinatlı məhsul buraxılır. Gələcəkdə bu məhsulların sayı daha da çoxalacaqdır.

Bununla bərabər, tanınmış beynəlxalq şirkətlərlə birgə fəaliyyətimiz genişlənir, yeni texnologiyalar gətirilir və hazırda Azərbaycanda istehsal olunan məhsullar dünya səviyyəsindədir. Nəzərə alsaq ki, biz hərbi gücümüzü daim möhkəmləndirməliyik və ordu quruculuğu prosesi Azərbaycanda sürətlə gedir, buna böyük ehtiyac vardır.

Biz müharibə şəraitində yaşayırıq və dövlətin bu məsələlərə çox böyük diqqəti və maliyyə təminatı vardır. Hesab edirəm ki, Azərbaycan alimləri bu istiqamətdə də öz sözünü deməlidirlər. Dövlət qurumları ilə, xüsusilə Müdafiə Sənayesi Nazirliyi ilə işlər daha da yüksək səviyyədə aparılmalıdır. Bu işlər aparılır. Ancaq bu, çox perspektivli istiqamətdir və daim diqqət mərkəzində olmalıdır.

Bir sözlə, iqtisadi inkişafımızla, sənaye inkişafımızla bağlı çox konkret proqramlar vardır. Azərbaycan elmi bu istiqamətdə öz sözünü deməlidir. Hazırda Azərbaycanda böyük texnoparklar və çox böyük sənaye potensialı yaradılır. Əlbəttə ki, bu təşəbbüslər gözəl nəticələrini verəcək və qeyd etdiyim kimi, ölkə iqtisadiyyatının neft amilindən asılılığını azaltmaq üçün öz təsirini göstərəcəkdir. Bu halda Azərbaycan elmi də burada ön sıralarda olmalıdır" İlham Əliyev söyləyib.

Prezident qeyd edib ki, humanitar elmlərlə bağlı məsələlər, əlbəttə ki, daim diqqət mərkəzindədir və bu sahədə aparılan işlər çox uğurludur, təqdirəlayiqdir.
"Biz bu sahəyə daim diqqət göstərməliyik. Çünki bildiyiniz kimi, müstəqillikdən əvvəl bizi millət kimi qoruyub saxlayan milli dəyərlərimiz, milli ənənələrimiz, ana dilimiz, ədəbiyyatımız, musiqimiz olub. Ona görə, bu sahəyə dövlət tərəfindən daim diqqət göstərilir. Hesab edirəm ki, Elmlər Akademiyası bu istiqamətdə çox uğurlu fəaliyyət göstərir. Sadəcə olaraq, qeyd etməliyəm ki, bu məsələ daim diqqət mərkəzində olmalıdır.

Ana dilimizə hörmət və qayğı daimi olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir.

Ədəbiyyat üzrə araşdırmalar davam etdirilir. Burada da fəaliyyət üçün çox geniş meydan vardır. Çünki ədəbiyyatımız dünya ədəbiyyatının inkişafında çox böyük rol oynamışdır. Biz haqlı olaraq bu barədə qürur hissi ilə danışa bilərik" dövlət başçısı vurğulayıb.
İlham Əliyev deyib ki, arxeoloji qazıntıların aparılmasına dəstək verilir, vəsait ayrılır.
"Bu da çox vacib sahədir. Biz keçmişimizi bilirik, daha da dərindən öyrənməliyik və bu istiqamətdə aparılan işlər davam etdiriləcəkdir. Arxeoloji qazıntılar bizə yeni bilgilər, yeni məlumatlar verir. Beləliklə, tariximiz haqqında bizdə və dünyada daha da dolğun təsəvvür yaranacaqdır" dövlət başçısı bildirib.

Tarix elmləri ilə bağlı olan məsələlərin daim diqqət mərkəzində olduğunu vurğulayan Prezident bildirib ki, dövlət bu məsələyə çox böyük diqqət göstərir.
"Mən çox şadam ki, tarixçilərimiz çox sanballı və əsaslı əsərlər yaradırlar. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu bizə diktə edir ki, bu sahəyə daha da böyük diqqət göstərək. Çünki bu bölgənin tarixi ermənilər tərəfindən daim saxtalaşdırılır, daim təhrif olunur.

Şadam ki, alimlərimiz mənim çağırışıma müsbət cavab verərək qısa müddət ərzində bu bölgənin tarixi ilə bağlı çox gözəl və real faktlara əsaslanmış əsərlər yaratmışlar. Başlıcası, İrəvan xanlığının tarixi ilə bağlı yaradılmış əsərlər xüsusi məna daşıyır. Çünki əfsuslar olsun ki, dünya birliyi demək olar bilmirdi ki, bugünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranmışdır.

Biz təşəbbüslərimiz, tarixə müraciətimiz və konkret dəlillərlə, faktlarla mövqeyimizi əsaslandırmışıq ki, İrəvan Ermənistanın paytaxtı kimi Azərbaycan dövləti tərəfindən 1918-ci ildə verilmişdir. İrəvan xanlığında yaşayan əhalinin əksəriyyəti azərbaycanlılar idi. Zəngəzur mahalı qədim Azərbaycan torpağıdır və süni şəkildə Ermənistana verilmişdir. Zəngəzur mahalının Ermənistana verilməsi böyük ədalətsizlik idi.

Doğma torpağımızın bir parçası Ermənistana birləşdirildi. Bunun çox böyük mənfi nəticəsi oldu. Bu, bütün türk dünyasını parçaladı. Bu gün türk dünyası coğrafi baxımdan parçalanıb. Düzdür, biz siyasi addımlarla, iqtisadi təşəbbüslərlə, türkdilli dövlətlərin zirvə görüşlərinin keçirilməsi ilə, - mən TÜRKSOY-un fəaliyyətini də qeyd etməliyəm, - çalışırıq və çalışacağıq ki, bütün türk dünyasını birləşdirək, siyasi maraqları birləşdirək, iqtisadi sahədə daha da çoxtərəfli əməkdaşlıq aparılsın.

Ancaq coğrafi cəhətdən bu gün türk dünyası parçalanıbdır. Yəni, bütün bu tarixi həqiqətlər işıq üzü görməlidir. Nəinki ölkə daxilində, eyni zamanda, xaricdə də bunu bilməlidirlər. Ona görə bu kitabların xarici dillərdə nəşri xüsusi məna daşıyır.

Bütün indiki Ermənistan ərazisinin əksər toponimləri Azərbaycan mənşəli toponimlərdir. Şəhərlərin, kəndlərin adları. Hətta bunu Böyük Sovet Ensiklopediyasında da görmək mümkündür. O vaxt erməni şəhərlərinin adları və onların əski variantı yazılmışdı. Biz bütün bunları bilməliyik. Bu gün Ermənistan dövləti bizə qarşı ərazi iddiası ilə çıxış edir. Torpaqlarımız işğal altındadır.

Dağlıq Qarabağ işğal altındadır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Erməni təbliğatı bütün dünyada bizə qarşı işə salınıbdır. Biz isə həqiqətləri çatdırmalıyıq ki, Xankəndi şəhəri Stepanakert deyil, Xankəndidir. Stepanakert quldur dəstəsinin rəhbəri Şaumyanın adına verilmişdir. Mən dəfələrlə bu barədə demişəm, əgər o yaşayış məntəqəsinin tarixi adı olsa idi, o tarixi adı ermənilər bərpa edərdilər. Bu, bizim torpağımızdır.

Elmi araşdırmalar və elmi əsərlər, kitablar çox vacibdir. Mən çox şadam ki, bu istiqamətdə işlər gedir. Biz bu sahədəki işimizi daha da gücləndirməliyik, müasirləşdirməliyik. Bu məsələlərə nəinki alimlərimiz, hesab edirəm ki, ictimaiyyətin üzvləri də internet vasitəsilə fəal qoşulmalıdırlar. Nəzərə alsaq ki, həqiqət və tarixi ədalət bizim tərəfimizdədir, bu, bu gün də lazımdır, gələcək üçün də.

Mən yenə də deyirəm, bu sahədəki işlərlə bağlı təşəbbüslər reallaşır. Bu, çox müsbət haldır. Hesab edirəm ki, bu məsələyə xüsusi diqqət göstərilməlidir. Biz həm bu məsələnin elmi tərəfindən, həm də təbliğatımızda bu amildən daha da geniş şəkildə istifadə etməliyik.
Mən bu gün ölkəmizin və elmimizin inkişafı ilə bağlı bəzi fikirlərimi ifadə etdim. Mən əminəm ki, hörmətli alimlər, siz bütün bu məsələləri yaxşı bilirsiniz. Sizin təklifləriniz əlbəttə ki, nəzərə alınacaqdır. Hazırda qeyd etdiyim təşəbbüslər - Elmin İnkişaf Fondunun yaradılması, Azərbaycan Elminin İnkişafı üzrə Strategiyanın və Dövlət Proqramının qəbul edilməsi də alimlər tərəfindən verilmiş təşəbbüslər idi.

Biz elə etməliyik ki, Azərbaycan elmi inkişaf etsin, yaşasın və Azərbaycan dövlətinə, Azərbaycanın milli maraqlarına həmişə olduğu kimi xidmət etsin.
Mən sizi bir daha ürəkdən salamlayıram. Dəvətinizə görə minnətdaram. Sizə və akademiyanın bütün üzvlərinə yeni uğurlar arzulayıram.

Sağ olun" İlham Əliyev çıxışının sonunda deyib.

"Mən burada səslənən təkliflərə münasibətimi bildirmək istəyirəm. Hesab edirəm ki, bu təkliflər çox dəyərlidir. Bunlar nəzərə alınacaq və müvafiq tapşırıqlar veriləcəkdir ki, qaldırdığınız məsələlər tezliklə öz həllini tapsın. Burada bir neçə məsələ qaldırıldı. İstərdim ki, öz fikrimi bildirim.
Sosial məsələlərin həlli ilə bağlı. Əlbəttə ki, bu məsələlər daim diqqət mərkəzindədir, Azərbaycanda maaşlar, təqaüdlər vaxtaşırı qaldırılır. Ancaq son illər ərzində maaşların və təqaüdlərin bir neçə dəfə qaldırılmasına baxmayaraq, xüsusilə dövlət sektorunda çalışanların sosial təminatı hələ ki, istədiyimiz səviyyədə deyildir. Bu məsələyə baxılacaq və əlbəttə ki, akademiya işçilərini narahat edən məsələlər öz həllini tapacaqdır" İlham Əliyev yekun nitqində bildirib.

Prezident kitabxananın tikintisi ilə bağlı verilən təklifləri dəstəkləyib.

"Bu məsələ bir müddət bundan əvvəl müzakirə edilmişdi, hətta bəzi təkliflər də irəli sürülmüşdü. Hesab edirəm ki, biz bu məsələyə daha da ciddi baxmalıyıq. Ola bilsin ki, gələn ilin dövlət büdcəsində kitabxananın tikintisi ilə bağlı artıq maliyyə mənbələri də müəyyən edilsin. Hesab edirəm ki, layihələndirmə işləri bu il də başlana bilər. Müasir, gözəl kitabxananın tikintisinə böyük ehtiyac vardır. Əminəm ki, biz buna nail olacağıq.
Struktur islahatları ilə bağlı məsələləri siz özünüz müəyyən etməlisiniz. Ən optimal variant seçilməlidir. Seçdiyiniz variantı mən də dəstəkləyəcəyəm. Əsas məsələ ondan ibarətdir ki, biz işin səmərəliliyini təmin edək. Struktur islahatları sadəcə olaraq islahatlar naminə deyil, real nəticələrə gətirib çıxarmasına xidmət göstərməlidir.
Xəzər dənizinin tədqiqatları ilə bağlı beynəlxalq mərkəzin yaradılması təklifinə baxmaq olar. Bildiyiniz kimi, hazırda bütün Xəzəryanı ölkələr bir-biri ilə çox sıx əlaqədədir. Keçən ilin sonunda Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının zirvə görüşünün keçirilməsi və görüş zamanı qəbul edilmiş çox vacib qərarlar Xəzər dənizində əməkdaşlıq meyillərini daha da gücləndirir. Bütün qonşularımız qeyd etmişlər ki, Xəzər ilə bağlı Bakıda keçirilən zirvə görüşü çox uğurlu olmuşdur. Bu beştərəfli əməkdaşlıq əlbəttə ki, davam etdiriləcəkdir. Burada Xəzərin bioresursları ilə əlaqədar müəyyən təkliflər var, Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi ilə əlaqədar danışıqlar gedir və Azərbaycan bütün bu məsələlərdə çox konstruktiv mövqe nümayiş etdirir. Elə etməliyik ki, Xəzər dənizi bundan sonra da dostluq, mehriban qonşuluq dənizi olsun. Xəzər dənizinin tədqiqatları ilə bağlı mərkəzin yaradılmasına da baxmaq olar. Əlbəttə, əgər belə bir mərkəz yaranacaqsa, bunun mərkəzi Bakı olmalıdır. Çünki Bakı Xəzəryanı ölkələr arasında yeganə paytaxtdır və əlbəttə Bakının Xəzərin tədqiqatında və təbii resursların işlənməsində xüsusi yeri vardır" dövlət başçısı bildirib.

Prezident bildirib ki, gənc alimlər üçün fondun yaradılması məsələsinə baxmaq olar.

"Bildiyiniz kimi, hazırda "Azərbaycan gəncliyi 2011-2015 illərdə" Dövlət Proqramı hazırlanır. Eyni zamanda, Azərbaycan elminin inkişafı üzrə dövlət proqramı da 2015-ci ilə qədər hesablanıbdır. Bu iki proqramı biz bir növ bir-biri ilə bağlamalıyıq və gənclərin, ümumiyyətlə, elmə cəlb edilməsi üçün əlbəttə ki, əlavə tədbirlər nəzərdə tutulmalıdır. Mən o fikirlə tam razıyam ki, biz gəncləri elmə cəlb etmək üçün əlavə mexanizmlər hazırlamalıyıq, stimullaşdırmalıyıq. Biz hərbi xidmətlə bağlı məsələlərə də baxacağıq.
Neft hasilatının sabit səviyyədə saxlanılması məsələsi bizim üçün çox vacibdir. Bildiyiniz kimi, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq şirkətlər böyük investisiyalar qoyurlar və eyni zamanda, Azərbaycan tərəfi də bu işlərdə fəal iştirak edir. Bildiyiniz kimi, hazırda konsorsium tərəfindən hasil edilən neftin gəlir hissəsinin 75 faizi Azərbaycanın payına düşür. Bu, məhz vaxtilə "Əsrin kontraktı"nın üzərində danışıqların aparılması zamanı Azərbaycanın mövqeyinin kifayət qədər ciddi olmasından xəbər verir. Baxmayaraq ki, o vaxt həm iqtisadi vəziyyətimiz o qədər yaxşı deyildi, siyasi proseslər də müəyyən dərəcədə bizi narahat edirdi. O vaxt biz maksimum məqbul şərtləri əldə etmişdik. Məhz buna görə bu gün xarici tərəfdaşlar tərəfindən hasil edilən neftin əksər hissəsi Azərbaycanın payına düşür. Xarici şirkətlərlə apardığımız danışıqlarda biz daim bu məsələ ilə bağlı öz fikrimizi bildiririk. Biz istəyirik ki, uzunmüddətli hasilata nail olaq. Hasilatın artırılmasına o qədər də müsbət baxmırıq. Mən hesab edirəm ki, hasilatın hazırkı səviyyəsi optimaldır. Elə etməliyik ki, bundan sonra da uzun illər ərzində Azərbaycan nefti Azərbaycan iqtisadiyyatının inkişafına xidmət göstərsin.
Hazırda biz böyük qaz layihəsinin icrası ilə məşğuluq və "Şahdəniz" qaz yatağı dünya miqyasında ən böyük yataqlardan biridir, nadir yataqdır. "Şahdəniz" yatağından sonra Azərbaycan alimləri, geoloqları, neftçiləri "Ümid" yatağını aşkarlayıblar. Beləliklə, bizdə çox böyük qaz potensialı yaranır və şübhəsiz, giriş sözümdə qeyd etdiyim Avropanın enerji təhlükəsizliyi məsələləri də müəyyən dərəcədə Azərbaycan qazının hesabına təmin edilə bilər. Hazırda bu istiqamətdə ciddi danışıqlar aparılır. İlin əvvəlində Avropa İttifaqı ilə Azərbaycan arasında "Cənub" qaz dəhlizi üzrə bəyannamə imzalanmışdır, işçi qrupu yaradılmışdır, konkret işlər aparılır. Burada biz, ilk növbədə, həmişə olduğu kimi, ölkəmizin və xalqımızın milli maraqlarını təmin etməliyik. Bizə xüsusilə qazın ixracı üçün yeni bazarlar, tərəfdaşlara isə yeni alternativ mənbələr lazımdır. Burada maraqlarımız demək olar ki, üst-üstə düşür və gələcəkdə Azərbaycanda həm neftin, həm də qazın hasilatının səviyyəsini biz müəyyən edəcəyik. Biz bu hasilatı lazım olan səviyyədə saxlayacağıq. Burada bu məsələlər əlbəttə ki, uzunmüddətli inkişaf strategiyamızla uzlaşmalıdır. Yenə də deyirəm, alimlər də öz sözünü deyirlər və deyəcəklər" İlham Əliyev deyib.

Prezident seysmoloji xidmətin inkişafı ilə əlaqədar verilən təkliflərə baxmağa hazır olduğunu vurğulayıb.

"Əgər əlavə vəsait ayırmaq lazımdırsa, biz bunu edərik ki, bu sahədəki işi daha da təkmilləşdirək. Artıq zəlzələdən demək olar ki, 10 il vaxt keçir. Ola bilsin ki, o vaxt alınmış avadanlıq köhnəlib. Çünki indi yeni texnologiyalar, yeni avadanlıqlar çıxır və biz əlbəttə ki, buna baxacağıq.
Biz tarixi təbiət muzeyinin təmiri ilə əlaqədar təklifə baxarıq. Hesab edirəm, Azərbaycanda, ümumiyyətlə, bu sahədə aparılan siyasətə uyğun olar ki, biz bu muzeyi də yüksək səviyyədə təmir etdirək, yaxud da yenisini yaradaq. Əgər yenisini yaradacağıqsa, gərək yer müəyyən edilsin, şəhərin mərkəzində gözəl bir yer olsun. Çünki doğrudan da bizdə nümayiş etdirmək üçün kifayət qədər materiallar, eksponatlar vardır. Siz yaxşı bilirsiniz ki, palçıq vulkanlarının sayına görə Azərbaycan dünyada birincidir. Bu, böyük sərvətimizdir. Əfsuslar olsun ki, nə ölkə daxilində, nə də ki, xaricdə bu barədə kifayət qədər bilgilər yoxdur. Alimlər bunu bilir, ancaq geniş ictimaiyyət bundan xəbərsizdir. Hesab edirəm ki, müxtəlif yollarla həm muzeyin yaradılması, ondan sonra internet materiallarının hazırlanması, elmi tədqiqatların aparılması sayəsində biz bütün dünyaya göstərəcəyik ki, Azərbaycan, o cümlədən bu sahədə də birinci yerdədir.
Şamaxı astrofizika rəsədxanasında əsaslı təmir işləri gedir, daha doğrusu, bütün infrastruktur yenidən qurulur. Bu məqsədlər üçün Prezidentin Ehtiyat Fondundan vəsait ayrılmışdır. Mən bir müddət bundan əvvəl Şamaxı rayonunda olarkən orada gedən işlərlə tanış olmuşdum. Alimlərin yaşaması, fəaliyyəti, elmi-tədqiqatların aparılması üçün bütün işlər çox gözəl, müasir səviyyədə görülür. Yəni, hesab edirəm ki, bu rəsədxana dünya miqyasında öz müasirliyi və gözəlliyi ilə seçiləcəkdir. Beləliklə, Azərbaycan elminin inkişafına, bu sahədəki elmin inkişafına yeni təkan veriləcəkdir. Hesab edirəm ki, gələcəkdə rəsədxana, eyni zamanda, turistlər üçün də açıq olmalıdır. Orada müəyyən ekskursiyalar təşkil olunmalıdır, çünki bu, həm də maraq doğuran məsələdir, eyni zamanda, bundan rəsədxananın saxlanması üçün müəyyən əlavə vəsait də əldə oluna bilər. İndi Azərbaycanda turizm imkanları geniş inkişaf edir. Xüsusilə Bakıda, Bakıya yaxın olan Şamaxı rayonunda böyük quruculuq işləri aparılır, gözəl yol çəkilib. İndi biz Bakı-Şamaxı yolunu genişləndirəcəyik. Gözəl avtoban yaranacaq və hesab edirəm ki, əhali üçün maraqlı olacaqdır. Əlbəttə ki, elmi işçilər üçün şərait yaradılır.
Sumqayıtda Polimer Materialları İnstitutunun təmiri ilə əlaqədar fikir səslənmişdir. Mən tapşırıq verəcəyəm ki, bu məsələ araşdırılsın və kömək göstəriləcəkdir. Bütövlükdə kimya elminin inkişafına diqqət göstərilməlidir və göstərilir. Mən giriş sözümdə qeyd etdim ki, neft-kimya sahəsinə böyük diqqət göstərilir. Azərbaycanda müasir neft-kimya kompleksinin yaradılması ilə əlaqədar tapşırıqlar verilmişdir. Yeni müasir neftayırma zavodunun tikintisi ilə bağlı tapşırıqlar verilmişdir. İndi layihə hazırlanır. Biz bu sahədə də ən müasir texnologiyaları cəlb etməliyik. Mən Dövlət Neft Şirkətinə göstəriş verəcəyəm ki, Azərbaycan alimlərini bu işlərə maksimum dərəcədə cəlb etsinlər və bu işləri birgə görsünlər.
Nizami mərkəzinin yaradılması ilə əlaqədar səslənən təkliflər hesab edirəm ki, təqdirəlayiqdir. Heç kimdə şübhə yoxdur ki, Nizami Gəncəvi dahi Azərbaycan şairidir. Bunu bütün dünya bilir. Əgər belə ehtiyac yaranıbsa ki, bunu kiməsə sübut edək, biz bunu çox asanlıqla sübut edə bilərik. Nizaminin xatirəsi hər bir azərbaycanlı üçün əzizdir, doğmadır. Nizaminin əsərləri əlbəttə ki, milli şüurumuzun tərkib hissəsidir. O ki qaldı hansısa qüvvələr tərəfindən bu əsərlərə yiyə çıxmaq, yaxud da özünküləşdirmək məsələsinə, əfsuslar olsun ki, biz belə hallarla dəfələrlə üzləşirik. Bunun da əsas səbəbi ondadır ki, Azərbaycan ədəbiyyatı, Azərbaycan mədəniyyəti, incəsənəti o qədər zəngindir ki, başqa tərəflərdən bizim milli sərvətimizi özünküləşdirmək üçün cəhdlər göstərirlər. Bu təkcə ədəbiyyatla, yaxud da ki, Nizaminin əsərləri ilə bağlı olan məsələ deyildir. Bizim musiqimiz ermənilər tərəfindən utanmadan oğurlanır. Dahi Üzeyir bəyin əsərləri özünküləşdirilir. Bizim milli mətbəximiz yenə də ermənilər tərəfindən oğurlanır. Onlar bunu müxtəlif yollarla erməni mətbəxi kimi təqdim etməyə çalışırlar. Halbuki milli yeməklərimizin adları da Azərbaycan sözləridir. Əgər ermənidən soruşsan, dolma ermənicə nə deməkdir, onu deyə bilməz. Necə ki, Qarabağ deyəndə, onlar üçün bu, sadəcə bir sözdür, onu anlamırlar. Çünki bu, erməni sözü deyildir. Ona görə də belə hərəkətlər əlbəttə ki, bizi çox üzür.
Biz öz milli, mədəni irsimizi qorumalıyıq. Bunun üçün təbliğat işləri daha da güclü olmalıdır. Bizim imkanlarımız daha da geniş olmalıdır. Baxın, indi demək olar ki, bütün dünyada Azərbaycan diaspor təşkilatları fəaliyyət göstərir, 50-dən yuxarı ölkədə Azərbaycan səfirlikləri fəaliyyətə başlamışdır və uğurla fəaliyyət göstərirlər. Yəni, indi bizim təbliğat imkanlarımız genişdir. Biz heç vaxt, tarix boyu başqa xalqın milli dəyərinə, yaxud da ki, milli irsinə göz dikməmişik. Ancaq əfsuslar olsun ki, bizə qarşı həmişə belə cəhdlər olub. Yenə də deyirəm, bunun əsas səbəbi Azərbaycan xalqının istedadı və mədəniyyətimizin zəngin olmasıdır. Ancaq biz əlbəttə ki, mədəni irsimizi qoruyacağıq, bütövlükdə müstəqilliyimizi qoruyacağıq, müstəqil seçimimizi qoruyacağıq. Əminəm ki, Azərbaycanın inkişafı çox parlaq, çox uğurlu olacaqdır. Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələri sırasına daxil olacaqdır.
Əziz dostlar, bir daha sizi ürəkdən salamlayıram. Əminəm ki, akademiyanın inkişafı bundan sonra da uğurlu olacaqdır. Verilən əlavə tapşırıqlar yaxın zamanlarda akademiyanın inkişafına müsbət təsir göstərəcəkdir. Sağ olun!" İlham Əliyev bildirib.

Mahmud Kərimov isə deyib ki, möhtərəm cənab Prezident, alimlərin iş şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi, akademik və elmi məktəblərin qorunub saxlanılması və elmi kadr hazırlığı işinin təkmilləşdirilməsi istiqamətində apardığınız ardıcıl siyasətinizə görə Azərbaycan elmi ictimaiyyəti adından Sizə bir daha dərin təşəkkürümüzü bildiririk.

Azərbaycanın inkişafına, xalqımızın maddi rifah halının yüksəldilməsinə, dövlətimizin beynəlxalq nüfuzunun artırılmasına yönəlmiş fəaliyyətinizdə Sizə uğurlar arzulayırıq. Eyni zamanda, Sizi əmin edirik ki, Azərbaycan Milli Elmlər Akademiyası həmişə olduğu kimi, bundan sonra da Sizin apardığınız siyasəti dəstəkləyərək dövlət maraqlarını hər şeydən üstün tutacaqdır.

Beləliklə, bugünkü yığıncağımız başa çatdı.

Yığıncaqdan sonra Prezident İlham Əliyevə akademiyanın strukturunda yer alan bəzi binaların inşası və yenidən qurulması ilə bağlı həyata keçirilən işlər barədə məlumat verildi.

Dövlətimizin başçısı akademiyanın digər hissələrində aparılan yenidənqurma və abadlıq işləri ilə də tanış oldu.

Britaniya şirkəti Qarabağda yataqların kəşfiyyat işlərini aparacaq
Britaniya şirkəti Qarabağda yataqların kəşfiyyat işlərini aparacaq
Qarabağın dirçəlişinə dəstək həyat tərzinə çevrilməlidir - Mikayıl Cabbarov
Qarabağın dirçəlişinə dəstək həyat tərzinə çevrilməlidir - Mikayıl Cabbarov
"Ford" 3 milyona yaxın avtomobili geri çağırıb
"Ford" 3 milyona yaxın avtomobili geri çağırıb
Loading Bars
Xəbər lenti
AMEA-da direktor və direktor müavini nöqsanlara görə işdən azad edilib
Daşkəsəndə qanunsuz silah saxlayan şəxslər aşkarlanıb
“Keşikçidağ”da tunc dövrünə aid insan qalıqları aşkar edilib (FOTO)
Döyüş zamanı yoldaşının canı sənə əmanət olur – Vətən müharibəsinin iştirakçısı (FOTO)
Millət vəkili Arzu Nağıyev Tovuz və Gədəbəydə şəhid ailələri ilə görüşüb, məzarlarını ziyarət edib (FOTO)
Türkiyə Braziliyadan uçuşları dayandırır
Belçika koronavirus əleyhinə tədbirləri sərtləşdirilir
Vaşinqtonda yüzlərlə milli qvardiyaçı koronavirusa yoluxdu
Pentaqonun yeni rəhbəri NATO-nun ABŞ üçün əhəmiyyətini vurğuladı
Meksika və ABŞ prezidentləri əməkdaşlığın inkişafını müzakirə ediblər
Kolumbiyanın şərqində neft boru kəməri partladılıb
Vaşinqtonda “20 Yanvar” şəhidlərinin əziz xatirəsi anılıb (FOTO)
İsveçrə məhkəməsi İsrailli iş adamını həbs etdi
ABŞ-da iqtisadi böhran dərinləşir - Bayden
Koronavirus dondurulmuş qida paketlərinin üstundə qala bilər - ÜST
ABŞ KXDR-ə qarşı yeni strategiya hazırlayacaq
ÜST: Dünyada ötən sutka koronavirusa 624 mindən çox yoluxma qeydə alınıb
Finnair sərnişinlərdən koronavirus testinin nəticələrini tələb edəcək
FK "Barselona" keçmiş baş məşqçi Setyenə təzminat ödəməyəcək
ABŞ-da iqtisadiyyatı stimullaşdırmaq üçün təcili tədbirlər görülməlidir
Azad Rəhimovun komaya düşməsilə bağlı xəbərlər həqiqəti əks etdirmir
Türkiyədə son sutkada koronavirusdan 6 018 nəfər sağalıb
Ombudsmanın 2 saylı istintaq təcridxanasına başçəkmə həyata keçirib
Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru saxlanıldı
Məzarlarda qızıl dişlər axtaran ermənilər bütün qəbirləri dağıdıblar - Trend TV Zəngilanda (FOTO)
Abşeronda ikimərtəbəli evdə yanğın olub
Baş Prokurorluq Masallıda əməliyyat keçirdi, baş həkim saxlanıldı
Azərbaycana elektrik və hibrid avtomobillərin gətirilməsi necə stimullaşdırıla bilər?
Qorxu sindromuna tutulan Ermənistan: Böhran, xaos, başlıbaşınalıq... - TƏHLİL
Azərbaycan dünyada ilk dəfə tətbiq edilən yeni texnologiya əsasında sürtkü yağları istehsal edir
İnam Kərimov Kənd Təsərrüfatı Nazirlərinin 13-cü Berlin Konfransında iştirak edib (FOTO)
Maliyyə Nazirliyi cəbhə bölgəsində olan hərbçilərin maaşlarının azalması iddiası ilə bağlı AÇIQLAMA yayıb
“ADA” Universiteti işğaldan azad olunmuş ərazilərə repatriasiyanın proqnozlaşdırılması və effektiv təşkili mövzusunda sosioloji tədqiqat layihəsini həyata keçirəcək
Azərbaycanda 632 nəfər COVID-19-dan sağalıb, 280 nəfər yoluxub, 11 nəfər vəfat edib
Yeniyetmələrdən ibarət seçmə komandaya yeni məşqçi təyinatları olub
Sosial şəbəkələrdə narkotik vasitələri təbliğ edən şəxs saxlanılıb
Görkəmli sərkərdə Həzi Aslanovun anım mərasimi keçirilib (FOTO/VİDEO)
Ceyhun Bayramov gürcüstanlı həmkarı ilə telefonla danışıb
Dövlət Neft Fondunun 2020-ci il üzrə gəlir və xərcləri açıqlandı
Tibb işçilərindən sonra 65 yaşdan yuxarı şəxslərin peyvəndlənməsinə başlanacaq - Ramin Bayramlı
Ovçular nəyə diqqət etməlidir? - Xidmət rəisindən ovçulara XƏBƏRDARLIQ (VİDEO)
Nazir "Ali təhsil haqqında" qanun layihəsinin əsas məqsədlərini açıqlayb
AMEA-da kadr dəyişikliyi olub
"Ali təhsil haqqında" qanunun ilkin variantı hazırlanacaq - Komitə sədri
Azercell nümunəvi xidmət keyfiyyəti ilə daim irəlidə
Rəssam Aida Mahmudovanın ABŞ-da açılan ikinci fərdi sərgisi böyük maraqla qarşılanıb
Yanvarın 25-nə USD/AZN rəsmi məzənnəsi
Milli Məclisdə "Ali təhsil haqqında" qanun layhəsi ilə bağlı geniş videokonfrans keçirilib (FOTO)
Britaniya şirkəti Qarabağda yataqların kəşfiyyat işlərini aparacaq
Dərslər yenidən başlayır: Bağçalar və repetitorluq necə olacaq? - Qısa İZAH
Qlobal vaksin istehsalının 60 faizi Hindistanın payına düşür - Səfir
Texniki Universitetə yeni prorektor təyin olunub (FOTO)
Gənclər tərəfindən qazilərimizə “Böyük Qayğı” layihəsinə start verildi (FOTO)
Şuşa və digər azad olunmuş ərazilərdə xidmət edən hərbçilərdə ruh yüksəkliyi var - Hərbi ekspert
Qarabağın dirçəlişinə dəstək həyat tərzinə çevrilməlidir - Mikayıl Cabbarov
BMqT işğaldan azad olunmuş ərazilərdə kəhrizlərin bərpası layihəsini təklif edib (FOTO)
İşğal altında uzun müddət saxlanılmış torpaqların dirçəldilməsi dövrü başlayır - Fransadakı səfirimiz
Kipr martın 1-dən sərhədləri açır
Şuşa əməliyyatında iştirak edən cüdo müəllimi, qazi Ruhin Əkbərli (VİDEO)
Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndi (FOTO/VİDEO)
500 manatlıq pul nişanı tədavülə buraxılmayıb - Mərkəzi Bank
Yerevanda aksiya: Müharibədə iştirak etmiş könüllülər etiraz edirlər
Göyçayda 367 nəfər koronavirusa qarşı peyvənd olunub - RƏSMİ
"Azərişıq"da gücləndirilmiş iş rejimi davam etdirilir (VİDEO)
"Ramiz Hacıyev" kran gəmisi əsaslı təmir olunub
“Dostluq” neft yatağı eyni soy kökə malik ölkələrin birgə əməkdaşlığının və dialoqunun simvoludur - Tamam Cəfərova
Son bir ayda ehtiyacı olan qazilərə 600-dən çox reabilitasiya vasitəsi verilib
Putin Təhlükəsizlik Şurasının iclasını keçirib
Ağdamda işğaldan azad olunan 1 611 hektar ərazidə buğda əkilib (ÖZƏL)
Erməni təxribatı nəticəsində Tərtərdə 5138 obyektə ziyan dəyib
ADNSU Mingəçevir Dövlət Universitetinin tədris-metodiki bazasının gücləndirilməsinə dəstək göstərir (FOTO)
Zidan koronavirusa yoluxub
Azərbaycanda köhnə avtomobillərin utilizasiyası tıxacların azalmasına təsir edə bilərmi?
ÜST “ASAN Könüllüləri” ilə birlikdə maska paylanma aksiyasına başlayıb (FOTO)
Vaksinlərin COVİD-19-un mutasiyaya uğrayan ştammı üçün effektli olub-olmaması açıqlanıb
Britaniya azad edilmiş ərazilərin minalardan təmizlənməsi işlərində Azərbaycana köməklik göstərə bilər - Səfir
Azərbaycanda dövlət dil qaydalarını pozanlar cərimələnəcək (MÜSAHİBƏ) (VİDEO)
Gömrükdən dövlət büdcəsinə köçürülən vəsaitin həcmi açıqlandı
Azərbaycan ilə Böyük Britaniya arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
“Nar” Qarabağ müharibəsi veteranları üçün xüsusi güzəştlər təqdim edir
Azərbaycan Prezidenti status məsələsini tarixin zibilliyinə yollayıb - XİN-dən Avropa Parlamentinin qətnaməsinə cavab
“Azərbaycan müəllimi" qəzetinin bugünkü buraxılışında rektor Şahin Bayramovun məqaləsi dərc olunub (II hissə)
Azərbaycan gimnastları İsveçrədə Avropa çempionatında iştirak edəcək
Azərbaycanda sənədlərin surətinin notarial təsdiqi üçün rüsumun miqdarı azaldılır
Ukraynada matəm elan edilib
Narkotik vasitələrin qanunsuz dövriyəsi ilə bağlı cinayət işlərinin sayı açıqlandı
"8 Noyabr" stansiyasına rəis müavini təyin edildi, heyət komplektləşdirildi
İşğaldan azad edilmiş ərazilər üçün məqsədli, aktiv məşğulluq proqramları hazırlanır
Samuxda 39.5 kilometrlik yol yenidən qurulub (FOTO)
Binədə 6 evdən oğurluq edən şəxs saxlanıldı
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycanın növbəti tarixi uğuru
İranda koronavirusdan daha 75 nəfər ölüb
“Dostluq” sazişi Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir
Avropa azərbaycanlıları 20 Yanvar faciəsini törədən SSRİ rəhbərliyinin cəzalandırılmasını tələb edir
Fevralın 1-dən birdəfəlik əkin subsidiyası üçün müraciətlərin qəbuluna başlanılır
107 gün idi itkin düşən zabitimizin şəhid xəbəri gəldi (FOTO)
"Ford" 3 milyona yaxın avtomobili geri çağırıb
27 dövlət əmlakı hərraca çıxarılacaq
"Dostluq" Azərbaycanın neft satışı imkanlarını əhəmiyyətli dərəcədə artıracaq - Amerikalı ekspert
Bütün xəbərlər