...

Azərbaycanın İtaliyadakı səfiri Neapol Şərqşünaslıq Universitetinin rəhbərliyi ilə görüşüb

Siyasət Materials 21 May 2011 02:00 (UTC +04:00)
Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov bu ölkənin ən qədim Şərqşünaslıq mərkəzi olan Neapol Şərqşünaslıq Universitetində olmuş və təhsil ocağının rəhbərliyi ilə görüşmüşdür.
Azərbaycanın İtaliyadakı səfiri Neapol Şərqşünaslıq Universitetinin rəhbərliyi ilə görüşüb

Azərbaycan, Bakı, 21 may /Trend/

Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov bu ölkənin ən qədim Şərqşünaslıq mərkəzi olan Neapol Şərqşünaslıq Universitetində olmuş və təhsil ocağının rəhbərliyi ilə görüşmüşdür. Bu barədə Trend-ə Azərbaycanın İtaliyadakı səfirliyindən bildirilib.

Universitetin prorektoru Cüzeppe Kataldi ilə keçirilmiş görüşdə Neapol Şərqşünaslıq Universiteti ilə Bakı Dövlət Universiteti, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq tədqiqat institutları arasında əlaqələrin qurulması perspektivləri müzakirə edilmişdir.

Sadıqov həmin gün universitetdə "Azərbaycanın xarici siyasətinin prioritetləri" mövzusunda mühazirə oxumuşdur. Tədbirdə universitetin, eləcə də ölkənin digər təhsil ocaqlarının və elm mərkəzlərinin tədqiqatçıları iştirak etmişlər.

Səfir çıxışı zamanı Azərbaycanın tarixi, mədəniyyəti, siyasi və iqtisadi həyatı barədə məlumat vermişdir. Ölkəmizin regionda, eləcə də bütünlükdə beynəlxalq münasibətlər sistemində rolundan söhbət açmış, xüsusilə də Azərbaycanın əsas iştirakçısı olduğu, həm artıq həyata keçirilmiş, həm də perspektivdə olan beynəlxalq enerji və kommunikasiya layihələri barədə danışmışdır.

Diplomat həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, səbəbləri və danışıqlar prosesinin hazırki vəziyyətinə toxunmuş, problemin həllində ölkəmizin tutduğu ədalətli mövqe barədə iştirakçılara ətraflı məlumat vermişdir.

Sonda səfir iştirakçıların çoxsaylı suallarını cavablandırmışdır.

Xəbər lenti

Xəbər lenti