...

Azərbaycanda mitinq əhval-ruhiyyəsi yoxdur - Əli Əhmədov

Siyasət Materials 26 May 2011 18:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanda mitinq əhval-ruhiyyəsi yoxdur və əhali gündəlik fəaliyyəti ilə məşğuldur. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov İctimai Palata adlanan qurumun yenidən mitinq keçirməklə bağlı qərar verməsinə münasibət bildirərkən deyib.

"Həmin partiyalar nə qədər kombinasiyalar qursalar da, insanlarda mitinq əhval-ruhiyyəsinin olmamasına görə onların cəhdləri real nəticələrə gətirib çıxarmayacaq. Digər tərəfdən, siyasət yalnız mitinqdən ibarət deyil", - Əhmədov bildirib.

Onun sözlərinə görə, həmin partiyaların rəhbərləri reallığı qiymətləndirə bilməyən insanlardırlar.

"Onlar Azərbaycan cəmiyyətinin mövcud durumunu görə bilmirlər. Onların birlik yaratmalarının, mitinq təşkil etmələrinin Azərbaycan cəmiyyəti üçün hər hansı bir əhəmiyyəti yoxdur", - Əhmədov qeyd edib.

YAP funksioneri bəzi müxalifət partiyalarının birlik yaratmaq cəhdlərinə də münasibət bildirib.

"Müxalifət birləşmələri artıq lətifəyə çevrilib. Bundan əvvəl birləşib nə etdilər ki, bundan sonra da etsinlər? 8 kiçik partiyanın birləşərək yaratdığı birliklər kiçik bir birlik olacaq. Azərbaycan müxalifətinin radikal qanadında təmsil olunan partiyalar cəmiyyətdəki dayaqlarını tamamilə itiriblər. Bunun ən bariz təsdiqi apreldə keçirilməsinə cəhd edilən mitinqlərin iflasa uğraması oldu", - Əhmədov vurğulayıb.

O, qeyd edib ki, müxalifət hansı formatda birlik yaratsa da, apreldəki fəaliyyətlərindən güclü olmayacaq.

Xəbər lenti

Xəbər lenti