...

İlham Əliyev Qobustanda tinglik mərkəzinin açılışında iştirak edib (FOTO)

Siyasət Materials 13 Sentyabr 2011 15:08 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qobustan rayonuna səfəri çərçivəsində "Kafur-pas" MMC-nin tinglik mərkəzinin açılışında iştirak edib
İlham Əliyev Qobustanda tinglik mərkəzinin açılışında iştirak edib (FOTO)

Sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qobustan rayonuna səfəri çərçivəsində "Kafur-pas" MMC-nin tinglik mərkəzinin açılışında iştirak edib.

Trend-in məlumatına görə, Azərbaycan Prezidenti rəmzi açılışı bildirən lenti kəsdi.

Dövlətimizin başçısına məlumat verildi ki, adətən Azərbaycanın müxtəlif ərazilərində əkilən ağac və bəzək kolları xarici ölkələrdən idxal olunur. Qobustanda yaradılan tinglik mərkəzi isə bu məsələnin daha sərfəli yolla həllinə şərait yaradır. Ağac, kol bitkilərinin reabilitasiyasının təşkili və dekorativ bitkilərin becərilməsi üçün seçilən bu ərazi bütün lazımi şəraitlə təmin edilmişdir. Tinglik mərkəzinə üç kilometr məsafədən su xətti çəkilmişdir. Suvarma sistemi avtomatlaşdırılmışdır. Mərkəzdə əkin sahəsindən əlavə giriş qala qapısı, su deposu yaradılmışdır. Açıq su deposunun üzərində dördmərtəbəli ekoloji sağlamlıq mərkəzi tikilir. Ərazidə inzibati bina ilə yanaşı, istirahət guşələri yaradılmışdır. Buradakı iki süni göldə balıq və digər su canlıları saxlanılır. Tinglik mərkəzində avtomobillərin rahat hərəkəti üçün daxili yollara asfalt örtüyü salınmışdır. Zövqlə əkilmiş gözoxşayan ağac və gül kolları burada istirahət edənlərdə xoş təəssürat yaradır. Hazırda mərkəzin ərazisində 70 adda 20 mindən çox ağac və bəzək kolu əkilmişdir.

Dövlətimizin başçısı elektromobillə mərkəzin ərazisini gəzdi.

Qeyd olundu ki, gələcəkdə burada botanika, zoologiya və idman dərnəklərinin təşkili də nəzərdə tutulmuşdur. 53 nəfərin çalışdığı tinglik mərkəzində Qırğızıstandan gətirilən dəvə yunundan qırğız yurtları da qurulmuşdur. Bu yurtların sütunları 99 şam ağacının gövdəsindən hazırlanır. Mərkəzə gələn şəxslər burada da istirahət edə bilərlər. Gələcəkdə tingliyin "Qobustan Bağ-Bağat" mərkəzi kimi fəaliyyət göstərməsi nəzərdə tutulur. Mərkəzə gələnlər müxtəlif növ ağaclar sifariş verməklə yanaşı, burada ailəvi istirahət edə biləcəklər.
Sonra mərkəzin bitki sərgisi ilə tanış olan dövlət başçısı görülmüş işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.

Xəbər lenti

Xəbər lenti