Azərbaycan, Bakı, 24 sentyabr /Trend/
Sentyabrın 23-də Prezident İlham Əliyev Qubanın Əski-İqriq kəndində beşulduzlu "Riksos" hotelinin tikintisi ilə tanış olub.
Dövlətimizin başçısı otelin tikinti layihəsinə baxdı. Bildirildi ki, obyektin ərazisi 65 hektardır. Baş plana əsasən ərazidə hotel kompleksinin zirzəmi ilə birlikdə 8 mərtəbəli binası, 16 kottec, ümumi sahəsi 30 min kvadratmetr olan süni göl, helikopterlərin enməsi üçün meydança və digər yardımçı binalar inşa ediləcək. 200 yerlik otel kompleksində restoranlar, hovuz, idman meydançası və köməkçi obyektlər də olacaq. Hazırda hotel kompleksinin baş binasında monolit-dəmir beton konstruksiyalardan ibarət karkas quraşdırılır. Bununla yanaşı, ərazidə torpaq işləri görülür.
Prezident İlham Əliyev hotelin tikintisini əks etdirən videoçarxa baxdı.
Dövlətimizin başçısı, həmçinin tikintidə istifadə olunan materialların nümunələrinə baxdı, inşası başa çatdırılan kotteclərdən biri ilə tanış oldu. İkimərtəbəli kottec bütün lazımi avadanlıq və məişət əşyaları ilə təmin olunub. Burada istirahət, yataq otaqları ilə yanaşı, kiçik idman zalı da var.
Prezident İlham Əliyev otelin inşası ilə bağlı tapşırıq və tövsiyələrini verdi.