Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir A.Tağıyeva/
BMT tərəfindən İsrailə təzyiq Fələstin dövlətinin yaradılması problemini həll edəcək. Trend-in TRT Haber telekanalına istinadən verdiyi məlumata görə, bunu çərşənbə günü Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan deyib.
"BMT İsrailə təzyiq göstərməlidir", - Ərdoğan bildirib.
Baş nazirin sözlərinə görə, BMT-də müvafiq islahatların aparılması və Təhlükəsizlik Şurasının beş daimi üzvü sisteminin ləğvi vacibdir.
Fələstin sentyabrın 23-də İsraillə danışıqların artıq bir ildən bəri dalana dirənməsi fonunda Fələstin dövlətinin tanınması haqqında BMT-yə ərizə verib. Ərizə veriləndən sonra "dördlük" israilliləri və fələstinliləri bir ay ərzində dialoqun bərpa edilməsi üzrə hazırlıq danışıqlarına başlamağa çağırıb.
Fələstinlilər beynəlxalq birlik tərəfindən tanınan 1967-ci il sərhədləri əsasında paytaxtı Şərqi Qüds olmaqla, öz dövlətlərinin yaradılmasına nail olmağa çalışırlar. İsrail 1967-ci il sərhədlərinə qayıtmağa qarşı çıxır və Qüdsü özünün əbədi və bölünməz paytaxtı elan edərək onu fələstinlilərlə bölüşməkdən imtina edir.