...

Azərbaycanın müxalifət partiyasının sədr müavini istefa verib

Siyasət Materials 12 Oktyabr 2011 17:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir T.Hacıyev/

Ədalət Partiyası sədrinin mətbuat və informasiya məsələləri üzrə müavini Elxan Şükürlü tutduğu vəzifədən, həmçinin Siyasi Şura və partiya üzvlüyündən istefa verib. Bu barədə çərşənbə günü Trend-ə Şükürlü özü məlumat verib.

İstefasının səbəbləri barədə danışan Şükürlü bildirib ki, istefasına səbəb uzun müddətdir bir çox məsələlərə baxışda partiya rəhbərliyi ilə fikirlərinin üst-üstə düşməməsi və bu vəziyyətin şəxsi münasibətlərə təsir etmək səviyyəsinədək yüksəlməsidir. O, istefasından əvvəl partiya sədri İlyas İsmayılovla münasibətlərinin nə səbəbdən gərginləşməsini deməsə də, mətbuata verdiyi yazılı açıqlamada üstüörtülü olaraq bəzi məqamlara toxunduğunu bildirib.

Şükürlü deyib ki, Azərbaycan reallığında partiya mənsubiyyəti insanların yaradıcı fəaliyyətini məhdudlaşdırır. Partiya liderləri nə qədər demokratiyadan danışsalar da, onlar öz tabeliyində olan insanların tənqidinə qarşı dözümsüzdürlər. Şükürlü deyib ki, son zamanlar siyasi proseslərlə bağlı yazdıqları məqalələrə görə partiya rəhbəri ilə münasibətlər gərginlik həddinə çatmışdı.

"Mənim də yazılarım və açıqlamalarım partiyanın kursu ilə üst-üstə düşmədiyindən və bu hal partiya rəhbərliyi ilə aramızda hətta şəxsi münasibətlərə təsir edəcək səviyyəyədək yüksələn ziddiyyətlərə yol açacağından, aralanmaq qərarına gəldim. Çünki bir komanda daxilinə ziddiyyət, təfriqə düşdüsə, orada effektli siyasi fəaliyyət göstərmək olmaz", - Şükürlü deyib.

O, hələlik heç bir partiyaya getməyəcəyini və sərbəst fəaliyyət göstərəcəyini deyib.

Xəbər lenti

Xəbər lenti