Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir S.Ağayeva/
Ötən istirahət günləri Fransa diplomatiyası bütün dünyada Sloveniyanın BMT TŞ-nin qeyri-daimi üzvlüyünə seçilməsi üçün fəal lobbiçilik edib. Trend-in məlumatına görə, bu barədə ABŞ-ın "Reportyor" portalı diplomatik mənbələrə istinadən məlumat verib.
"Ötən cümə günü BMT Baş Assambleyası Təhlükəsizlik Şurasının beş qeyri-daimi üzvünü seçib. Bu, icrası vacib olan qətnamələrin qəbulu zamanı təşkilatın çox vacib bölmələrindən biridir. Beləliklə, ötən cümə günü BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında təkcə TŞ-nin yeni tərkibinin taleyi deyil, həm də yaxın iki il ərzində qüvvələr nisbəti müəyyən edilib", - portal yazır.
Portal yazır ki, Mərakeşin, Toqonun, Pakistanın və Qvatemalanın qələbəsi barədə praktiki olaraq gizli səsvermənin ilk turundan dərhal sonra məlum olub.
Portalın yazdığına göər, Macarıstan, Sloveniya və Azərbaycanın iddia etdikləri Şərqi Avropanın təmsilçiliyi uğurunda mübarizədə əsl tamaşa baş verdi. "Oyundan birinci Macarıstan çıxdı. Azərbaycan və Sloveniya mübarizəni davam etdirdi. Baş Assambleyanın 193 üzvünün səsi demək olar yarıya bölündü. Nə Bakı, nə də Lyublyana lazım olan 129 səsi qazana bilmədi", - portal təsvir edir.
"Fasilədən sonra səsvermə davam etdi. Hər yeni turdan sonra Azərbaycan öz tərəfinə daha çox ölkəni çəkdi. Müşahidəçilərin fikrincə, Bakının qələbəsi yaxın idi. Lakin fransızcaya sinxron tərcüməni tələb edən Fransanın müdaxiləsi praktiki olaraq Bakının xeyrinə olan səsvermənin hücum gedişini dayandırdı. Nəticədə seçkilər bazar ertəsinə keçirildi. Diplomatik mənbələrin məlumatına görə, ötən istirahət günlərində Fransa diplomatiyası bütün dünyada Sloveniyanın namizədliyinə aktiv şəkildə lobbiçilik edib. Hər şeydən göründüyü kimi, bazar ertəsi BMT-də qızğın mübarizə vəd edir", - məqalədə deyilir.
Bu gün Azərbaycan və Sloveniya BMT TŞ-yə qeyri-daimi üzv seçilmək uğrunda mübarizəni davam etdirəcək.
BMT TŞ beş daimi üzvdən - ABŞ, Rusiya, Böyük Britaniya, Fransa və Çindən və iki ildən bir seçilən 10 qeyri-daimi üzvdən ibarətdir. "Böyük beşlik"dən fərqli olaraq, onlar veto hüququna malik deyillər.
Reqlamentə görə, qeyri-daimi üzvlüyə seçkilər gizli səsvermə yolu ilə həyata keçirilir.
Yalnız Azərbaycan, Qırğızıstan və Qvatemaladan başqa, doqquz namizəd ölkə artıq bundan əvvəl BMT TŞ-nin qeyri-daimi üzvü olub.
BMT Nizamnaməsinin 23-cü maddəsinə görə, Baş Assambleya Təhlükəsizlik Şurasının on qeyri-daimi üzvünü seçərkən, ilk növbədə, həmin ölkələrin beynəlxalq sülhün və təhlükəsizliyin saxlanması və təşkilatın digər məqsədlərinə nail olunmasında iştirak dərəcəsinə diqqət ayırır.