...

Azərbaycanın Bolqarıstanda seçkiləri izləyən millət vəkili bir sıra görüşlər keçirib (FOTO)

Siyasət Materials 25 Oktyabr 2011 14:53 (UTC +04:00)
Görüşlər zamanı millət vəkilinə Bolqarıstanda yaşayan türklərin vəziyyəti, onları narahat edən problemlər barədə ətraflı məlumatlar verilib və geniş fikir mübadiləsi aparılıb.
Azərbaycanın Bolqarıstanda seçkiləri izləyən millət vəkili bir sıra görüşlər keçirib (FOTO)

Azərbaycan, Bakı, 25 oktyabr /Trend/

AŞPA-nın Bolqarıstanda keçirilən prezident və bələdiyyə seçkilərini müşahidə missiyasının üzvü kimi bu ölkədə səfərdə olan millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Bolqarıstan Parlamentinin vitse-spikeri, bu ölkənin böyük partiyalarından olan Hak və Özgürlüklər Hərəkatının Mərkəz Yönətim Qurumunun üzvü Hristo Biserov, Hərəkatın sədr müavini Rüşen Rza, baş katibi Mustafa Karadayı, türk əsilli millət vəkili Çətin Kazak və partiyanın bir sıra digər rəsmi şəxsləri ilə görüşüb. Trend-in məlumatına görə, görüşlər zamanı millət vəkilinə Bolqarıstanda yaşayan türklərin vəziyyəti, onları narahat edən problemlər barədə ətraflı məlumatlar verilib və geniş fikir mübadiləsi aparılıb.

Millət vəkili Qənirə Paşayeva bildirib ki, Azərbaycan dünyanın hər yerində yaşayan türklərlə, o cümlədən Bolqarıstanda yaşayan bacı-qardaşlarımızla əlaqələrin və əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır. Görüşlər zamanı Paşayeva onlara Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, Xocalı, Qaradağlı, Bağanıs-Ayrım soyqırımları barədə ətraflı məlumatlar verib.

Millət vəkili təkcə 20-ci əsrin sonunda deyil, 20-ci əsrin əvvəllərində də erməni terror təşkilatlarının, erməni silahlı dəstələrinin dinc azərbaycanlılara, Azərbaycan türklərinə qarşı soyqırımlar törətdiyini onların diqqətinə çatdırıb. O, həmçinin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, Avropa Şurası Parlament Assambleyasının 1416 saylı qətnaməsinin, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatların Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini tələb edən qətnamələrinin rəsmi İrəvan tərəfindən indiyə qədər yerinə yetirilməməsi barədə məlumatlar verib.

Millət vəkili bildirib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün türklər Ermənistanın törətdiyi vandalizm aktlarını, erməni yalanlarını və Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması üçün səylərini daha da artırmalıdırlar.

"Bizi maraqlandıran və narahat edən məsələlərlə bağlı daima bir-birimizə dəstək göstərməli, biri-birimizin yanında olmalıyıq", - Paşayeva deyib.

Xəbər lenti

Xəbər lenti