Azərbaycan, Bakı, 13 noyabr /Trend/
Cari il 7-12 noyabr tarixlərində Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktor müavini Gülşən Paşayeva İtaliyaya səfər etmişdir.
Azərbaycanın İtaliyadakı səfirliyindən bazar günü Trend-ə verilən məlumata gorə, Paşayeva Milan şəhərində olmuş və orada yerləşən İtaliyanın aparıcı tədqiqat mərkəzlərindən biri sayılan Beynəlxalq Siyasi Elmlər İnstitutu ilə SAM arasında Anlaşma Memorandumunu imzalamışdır. Həmin sənəd iki tədqiqat qurumu arasında mövcud olan əməkdaşlıq münasibətlərinin daha da genişlənməsi üçün şərait yaradacaqdır.
Bundan əlavə, Paşayevanən İtaliyanın Trentio-Alto-Adice regionuna səfəri, Trentino əyalət parlamentinin spikeri Bruno Doriqattio və Alto-Adice yerli hökumətin başçısı Lui Durnvalder ilə görüşləri təşkil edilmişdir. Paşayeva həmçinin Trento və Bolzano şəhərlərində yerləşən təhsil və elmi-tədqiqat qurumlarının nümayəndələri ilə görüşərək, SAM-la bu qurumlar arasında əməkdaşlıq imkanlarını müzakirə etmişdir.
Roma şəhərində Paşayeva İtaliya parlamentinin Regional məsələlər üzrə parlament komissiyasının, Regionlarla Əlaqələr Nazirliyinin və Romadakı Beynəlxalq Münasibətlər İnstitutunun nümayəndələri ilə görüşmüşdür.
Görüşlərdə Azərbaycanın İtaliyadakı Səfiri Vaqif Sadıqov iştirak etmişdir.