Azərbaycan, Bakı, 14 oktyabr / Trend müxbir M.Əliyev/
İran hazırda onu əhatə edən vəziyyətdə, müharibə ehtimalının kifayət qədər yüksək olduğu məqamda müsəlman ölkələrinə deyil, məhz ikiüzlü Ermənistana üz tutur. Trend-in məlumatına görə, bunu bazar ertəsi keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib.
"İran nüvə texnologiyaları ilə bağlı dünyanı qaneedəcək bir söz deməyib. Bundan başqa, İranda Buşəhr AES-i işlədən elə onu yaradan rus mütəxəssislərdir. Əgər İranın bir AES-i işlətməyə gücü çatmırsa, nüvə silahını istehsal etsə, onu necə idarə edəcək?", - Əhmədoğlu deyib.
Politoloq hesab edir ki, bu və digər məsələlər İrana qarşı müharibə ehtimalını artırır.
"Bu vəziyyətdə İran ərəb ölkələrində baş verən proseslərin öz xeyrinə olduğunu bildirir. İran Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq niyyətindədir, həmçinin Ermənistana üz tutur", - o deyib.
Politoloq qeyd edib ki, İranın xarici işlər naziri Əli Əkbər Salehi əli müsəlman qanına batmış, Azərbaycan torpaqlarını işğal etmiş Ermənistandan yardım istədi və bunun müqabilində xeyli vədlər verdi.
"İran XİN başçısının vizanın ləğv edilməsi, İrandan Ermənistana gedəcək turistlərin sayının 1 milyon nəfərə çatdırılması və digər vədləri İranın antiazərbaycan siyasətinə kökləndiyinin göstəricisidir", - Əhmədoğlu bildirib.
O həmçinin qeyd edib ki, Azərbaycan dövləti və cəmiyyəti İrana qarşı müharibənin əleyhinədir, çünki orada xeyli sayda azərbaycanlı var, həmçinin nüvə obyektlərində yarana biləcək qəza Azərbaycana da təsirini göstərəcək.
"Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib və İran Azərbaycanla məsləhətləşsəydi, onu narahat edən məsələlərin BMT-də qaldırılmasına nail ola bilərdi", - politoloq vurğulayıb.
O deyib ki, əksinə İran Azərbaycan daxilində destruktiv siyasət aparmaq istəyir.
"İranın qaldırdığı hicab məsələsi dini deyil, siyasi məsələdir. Çünki dini məsələ olsaydı, hicab bağlanmasına riayət etməyən Suriya ilə yaxşı münasibətlərdə olmazdı və əksinə hicaba çox ciddi yanaşan Səudiyyə Ərəbistan ilə əlaqələri bu qədər soyuq olmazdı", - Əhmədoğlu bildirib.