...

Baş prokurorluğun nümayəndə heyəti Rusiya Prokurorluğunun yubiley tədbirlərində iştirak edib

Siyasət Materials 17 Yanvar 2012 15:21 (UTC +04:00)
Baş prokuror Zakir Qaralovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Baş prokuroru Yuri Çaykanın dəvəti ilə yanvarın 11-13-də Rusiya Prokurorluğunun yaranmasının 290 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edib.
Baş prokurorluğun nümayəndə heyəti Rusiya Prokurorluğunun yubiley tədbirlərində iştirak edib

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Baş prokuror Zakir Qaralovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Baş prokuroru Yuri Çaykanın dəvəti ilə yanvarın 11-13-də Rusiya Prokurorluğunun yaranmasının 290 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edib.

Trend-in çərşənbə axşamı Baş Prokurorluğun saytına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində yanvarın 12-də Azərbaycanın Baş prokuroru rusiyalı həmkarı ilə görüşüb.

Rusiya Prokurorluğunun yaranmasının ildönümü münasibətilə Çaykanı təbrik edən Baş prokuror dövlətlərimiz arasında hərtərəfli, o cümlədən hüquqi sahədə əlaqələrin getdikcə genişlənməsini məmnunluqla qeyd edərək, Azərbaycan Respublikasında son illər ərzində Prezident cənab İlham Əliyevin rəhbərliyi altında sosial-iqtisadi və ictimai-siyasi sahələrdə ardıcıl və sürətli inkişafa zəmin yaradan köklü və əsaslı islahatların həyata keçirildiyini vurğulayaraq, məhkəmə-hüquq sisteminin, habelə prokurorluq orqanlarının müasirləşdirilməsinə yönəlmiş məqsədyönlü tədbirlər barədə ətraflı məlumat vermişdir.

Rusiyanın Azərbaycan ilə hüquqi sahədə əməkdaşlığın möhkəmləndirilməsinə xüsusi önəm verdiyini bildirən Çayka iki ölkənin prokurorluq orqanları arasında əlaqələrin inkişafına təkan verildiyini, münasibətlərin dərinləşməsi üçün böyük perspektivlərin olduğunu bildirərək, qarşılıqlı səmərəli əlaqələrin daha da genişlənməsində maraqlı olduğunu vurğulayıb.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə fikir mübadiləsi aparılıb, həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, tərəflər arasında mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılıb, münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.

Azərbaycanın Baş prokuror daha sonra Beynəlxalq Prokurorlar Assosiasiyasının Baş katibi Derk Kupers, Avstriyanın Baş prokuroru Fabrisiy Ernst Yoqen, Almaniya Federativ Respublikası Federativ Ali Məhkəməsinin Federativ Baş prokuroru Harald Ranqe, Ukraynanın Baş prokuroru Viktor Pşonka və Belarusun Baş prokuroru Aleksandr Konyukla görüşüb.

Görüş zamanı ölkələrimizin prokurorluq orqanları arasındakı əməkdaşlıgın perspektivlərinə dair faydalı fikir mübadiləsi aparılıb, cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq və hüquqi yardım məsələləri müzakirə edilib.

Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinlə keçirilmiş görüş zamanı Baş prokuror Zakir Qaralov Azərbaycan Prokurorluğu orqanlarında son dövrlər həyata keçirilmiş islahatlar, müasir informasiya-kommunikasiya texnoloqiyalarının, o cümlədən "Elektron sənəd dövriyyəsi" proqramının tətbiqi, "Elektron cinayət işi" layihəsi, Baş Prokurorluqda və Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində fəaliyyət göstərən "Qaynar xətt" əlaqə mərkəzlərinin işinin səmərəliliyi barədə ətraflı məlumat verib.

Görüşdə, həmçinin konkret cinayət işlərinin istintaqı ilə bağlı fikir mübadiləsi aparılıb, eyni zamanda, Baş Prokurorluqla Rusiyanın İstintaq Komitəsi arasında 2010-cu il sentyabrın 28-də imzalanmış Əməkdaşlıq Proqramının hər iki ölkənin hüquq mühafizə orqanları üçün mühüm əhəmiyyət kəsb etdiyi, qarşılıqlı səmərəli münasibətlərin və hüquqi əməkdaşlığın inkişafına töhfə verdiyi xüsusi vurğulanıb.

Xəbər lenti

Xəbər lenti