...

20 Yanvar faciəsi ABŞ-da anılıb (FOTO)

Siyasət Materials 21 Yanvar 2012 10:41 (UTC +04:00)
Qara Yanvar faciəsinin 22-ci ildönümü münasibətilə, Azərbaycanın ABŞ-dakı Səfirliyində anım mərasimi keçirilib.
20 Yanvar faciəsi ABŞ-da anılıb (FOTO)

Azərbaycan, Bakı, 21 yanvar /Trend/

Qara Yanvar faciəsinin 22-ci ildönümü münasibətilə, Azərbaycanın ABŞ-dakı Səfirliyində anım mərasimi keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycanın ABŞ-dakı Səfiri Elin Süleymanov çıxış edərək, 20 yanvar hadisələrinin tarixi önəmindən, SSRİ-nin süqutunda oynadığı həlledici roldan bəhs edib.

O, bu faciədə öz həyatlarını Azərbaycanın müstəqilliyi uğrunda qurban vermiş və şəhidlik zirvəsinə yüksəlmiş insanların xatirəsinin xalqımızın qəlbində daima yaşayacağını bildirib.

Səfir qeyd edib ki, həmin qanlı qırğını törədənlər Azərbaycan xalqının mübarizə ruhunu sarsıtmaq və azadlıq eşqini söndürmək istəsələr də, öz məqsədlərinə nail ola bilmədilər, Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa etdi.

Süleymanov Ümummilli Lider Heydər Əliyevin faciənin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlməsini və bu faciəni törədənləri kəskin şəkildə pisləməsini böyük tarixi hadisə adlandırıb.

20 yanvar hadisələri baş verən dövrdə ABŞ Dövlət Katibinin SSRİ üzrə xüsusi müşaviri vəzifəsində çalışmış Pol Qobl Qara Yanvar faciəsinə Vaşinqtonda o zaman mövcud olan münasibət barədə xatirələrini bölüşüb.

Qobl Sovet rəhbərliyinin, xüsuilə Qorbaçovun belə bir vətəndaş qırğını törətməsini "dövlət terrorçuluğu" kimi səciyyələndirib.

O, məhz bu faciədən sonra Vaşinqtonun siyasi dairələrində SSRİ-nin tezliklə süqut edəcəyinə dair əminliyin yarandığını bildirib.

Qoblun fikrincə, bu qanlı hadisələr SSRİ-nin tezliklə çökməsinə gətirib çıxardı ki, bu da öz növbəsində bütün dünyanı dəyişdi.

O, həmin dəhşətli günlərdə Azərbaycan xalqının yüksək cəsarət və mərdlik nümayiş etdirdiyini və bu gün azəbaycanlıların Qara Yanvar şəhidlərilə tam haqlı olaraq böyük qürur duyduqlarını bildirib.

Qobl Heydər Əliyevin bu qırğını dərhal və qətiyyətlə pisləməsini yüksək cəsarət nümunəsi adlandıraraq, bu bəyanatın o zaman Vaşinqtonda ciddi rezonans doğurduğunu qeyd edib.

Sonra ABŞ-dakı Azərbaycan diasporunun üzvü, faciə baş verən dövrdə "Amerikanın Səsi" radiosunun Azərbaycan redaksiyasında çalışmış Həbib Azərsina çıxış edərək, həmin qanlı gecədə Bakı ilə çətinliklə əlaqə yaradaraq götürdüyü müsahibələrdən, faciənin ABŞ KİV-ləri tərəfindən işıqlandırılmasından, Vaşinqtondakı SSRİ səfirliyi qarşısında azərbaycanlıların keçirdiyi etiraz aksiyasından və s.-dən bəhs edib.

Daha sonra ABŞ-da yaşayan həmyerlimiz, kamança ustası İmamyar Həsənov həzin musiqi parçaları ifa edib.

Mərasimdə ABŞ-ın müxtəlif hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, KİV təmsilçiləri, Azərbaycan diasporunun üzvləri və Vaşinqtonda və Virciniyada təhsil alan bir sıra azərbaycanlı tələbələr iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti