Azərbaycan, Bakı, 21 yanvar /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev şənbə günü Goranboy Mədəniyyət Evinin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib.
Dövlətimizin başçısına məlumat verildi ki, binanın təmiri zamanı işlərin yüksək səviyyədə görülməsinə xüsusi diqqət yetirilib. Binanın foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə mədəniyyətin və incəsənətin inkişafına göstərdikləri qayğını əks etdirən fotoguşələr yaradılıb.
Qeyd edildi ki, Mədəniyyət Evinin zalında rayon əhəmiyyətli tədbirlərin yüksək səviyyədə təşkili üçün hərtərəfli şərait vardır. İnzibati otaqlar binanın ikinci mərtəbəsində yerləşir.
Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, 1960-cı ildə istifadəyə verilən Mədəniyyət Evi uzun müddət təmir olunmadığından yararsız hala düşüb. Burada əsaslı təmir və yenidənqurma işlərinə 2011-ci ilin yanvarında başlanılmışdır. Görülən təmir-bərpa işləri nəticəsində binanın zalı, foyesi və otaqları yenidən qurulmuş, giriş hissəsi müasir memarlıq üslubunda inşa edilmişdir. Müasir avadanlıqla təchiz edilmiş Mədəniyyət Evinin binası üzlük daşla örtülüb.
Dövlətimizin başçısı Mədəniyyət Evinin böyük zalı ilə də tanış olub. Bildirildi ki, 400 nəfərlik zalda müxtəlif tədbirlərin keçirilməsi üçün lazımi şərait yaradılıb.
Prezident İlham Əliyev Goranboy şəhər uşaq incəsənət məktəbinin xor kollektivinin ifasında bəstəkar Oqtay Zülfüqarovun "Mehriban insanlar" mahnısını dinləyib.
Mədəniyyət Evi ilə tanış olan Azərbaycan Prezidenti kollektivə uğurlar arzulayıb.
Sonda xatirə şəkli çəkdirilib.
Prezident İlham Əliyev Goranboy Mədəniyyət Evinin əsaslı təmirdən sonra açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev şənbə günü Goranboy Mədəniyyət Evinin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib.