...

Fransa Senatının qəbul etdiyi qanun ümumbəşəri dəyərlərə tamamilə ziddir - Türkiyə səfirliyi

Siyasət Materials 25 Yanvar 2012 15:31 (UTC +04:00)
Fransa Senatında qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin qəbul olunması ümumbəşəri dəyərlərə tamamilə zidd olan bir addımdır.
Fransa Senatının qəbul etdiyi qanun ümumbəşəri  dəyərlərə tamamilə ziddir - Türkiyə səfirliyi

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir E.Mehdiyev/

Fransa Senatında qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin qəbul olunması ümumbəşəri dəyərlərə tamamilə zidd olan bir addımdır. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin yaydığı bəyanatda deyilir.

Bəyanatda vurğulanır ki, Fransa Senatının bu qərarı hüquqa, insan hüquqlarına, söz və fikir azaldığına, ayrıca, Fransanın daima özünü ən böyük müdafiəçisi olaraq təqdim etdiyi ümumbəşəri dəyərlərə tamamilə zidd bir addımdır, Fransa tarixində qara ləkədir. Fransız siyasətçilər tarixçi rolunda çıxış etməklə və özlərini hakim bilərək türk tarixini mühakimə etməklə öz hədlərini aşıblar.

Tarixçi olmayan bəzi fransız senatorların yüz il bundan əvvəl baş verən və isbat edilməyən bir hadisəni inkar edənlərin cəzalandırılmasına səs verməsi, yenə də tarixi, elmi mərkəzlərdən çıxararaq siyasətə həvalə etməsi düşündürücüdür. Qərarın lehinə səs verən siyasətçilərin bu əməli tarixə qarşı cinayətdir. Səlahiyyətlərini aşan bu siyasətçilər hadisələrin bundan sonrakı inkişafına görə məsuliyyət daşıyacaq.

Yanvarın 23-də Fransa Senatı təxminən səkkiz saatlıq müzakirələrdən sonra qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 127, əleyhinə isə 86 senator səs verib.

Fransa Senatının alt palatası keçən il dekabrın 22-də qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Fransa parlamentinin 577 deputatından səsvermədə 45-i iştirak edib. Bu 45 deputatdan 38-i lehinə, 7-si isə əleyhinə səs verib.

Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsini təqdim etmişdilər.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.

Xəbər lenti

Xəbər lenti