Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir E.Mehdiyev/
Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfiri Elxan Poluxov fevralın 1-də öz etimadnaməsini Cənubi Afrika Respublikasının Prezidenti Yakob Zumaya təqdim edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, Zuma ilə aparılmış söhbət zamanı Poluxov Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını ona çatdırıb və Azərbaycanın Cənubi Afrikada ilk səfiri olmasından şərəf duyduğunu bildirib.
Ölkələr arasında münasibətlərin yüksələn xəttlə inkişaf etdiyini vurğulayan Poluxov bu vəzifəsində olduğu müddət ərzində Azərbaycanla CAR arasında əlaqələrin daha da möhkəmləndirilməsinə çalışacağını bildirib.
Prezident Zuma öz növbəsində səfir Poluxovu salamlayaraq, ona işində uğurlar arzulayıb.
Görüşün sonunda Zuma bu mərasim çərçivəsində etimadnamələrini təqdim edən yeni səfirlər qarşısında Cənubi Afrika Respublikasının daxili və xarici siyasətinə həsr olunmuş nitqlə çıxış edib.