Azərbaycan, Bakı, 28 fevral /Trend/
Azərbaycanın Polşadakı səfirliyi çərşənbə axşamı erməni piketinin qarşısını alıb.
Varşavada 20-25 nəfər erməni Sumqayıt hadisələri ilə bağlı piket keçirmək məqsədilə Ermənistan bayraqları və lozunqlarla Azərbaycanın Polşadakı Səfirliyinin qarşısına gəlmişdilər. Gözləmədikləri halda onlar Səfirliyin qarşısında olan hasar üzərindən asılmış Heydər Əliyev Fondu tərəfindən göndərilmiş Xocalı soyqırımı ilə bağlı 50-yə yaxın fotoşəkil, azyaşlı uşaqların çəkdikləri rəsm və Xocalıda baş verənləri əks etdirən polyak dilində məlumat vərəqələrindən ibarət sərgi ilə rastlaşmışlar. Bu barədə Trend-ə səfirlikdən bildirilib.
Həmçinin böyük hərflərlə Xocalı sözləri yazılmış 7 ədəd böyük həcmli plakat Səfirliyi əhatə edən hasar üzərində və Səfirliyin binasının ikinci mərtəbəsində hərtərəfdən asılmışdı. Varşavada təhsil alan Azərbaycanlı tələbələr isə əllərində Azərbaycan bayraqları ilə Səfirlik qarşısında dayanmışdılar.
Sözügedən şəkillər Səfirliyin hasarı üzərində 27 fevral tarixindən etibarən sərgilənməkdədir və artıq 2 gündür davam edir. Səfirliyin yerləşdiyi Zvıçenztsuv və Krıniçna küçələrindən keçən yüzlərlə sadə polyak sözügedən şəkilləri görmüşlər. Habelə, küçədən keçən polyaklar Səfirlik tərəfindən qoyulmuş stol üzərindən müvafiq təbliğat-təşviqat materialları - polyak dilində Dağlıq Qarabağ - xəbərlər, faktlar, rəqəmlər kitabçası; Səfirlik tərəfindən hazırlanmış "Azərbaycan xalqının soyqırımı tarixindən" adlı 4 mövzu üzrə silsilə açıqcalar, ingilis dilində Ermənistanın Azərbaycana təcavüzünün nəticələrini əks etdirən xəritə, Heydər Əliyev Fondu tərəfindən hazırlanmış "Dağlıq Qarabağ haqda həqiqi faktlar" silsiləsindən kitabçaları götürmüşlər.
Ermənilər məcburiyyət qarşısında qalıb Xocalı sözü qarşısında dayanaraq tədbirlərinə başladılar. Ermənilər çəkiliş aparırdılar. Çəkilmiş videonu görməsək də, orada Xocalı sözləri və şəkillərinin düşdüyünü əminliklə söyləmək olar. Ermənilər petisiyanı oxumağa başladıqları zaman Səfirliyin binasından ilk əvvəl replika şəklində ermənilərin iddia etdikləri "Sarı gəlin" və "Sən gəlməz oldun" musiqilərindən qısa parçalar səsləndi. Daha sonra isə Mülslüm Maqomayevin gur səslə ifa etdiyi "Azərbaycan" mahnısının sədaları Səfirlik binasının ətrafını əhatə etdi. Belə vəziyyət qarşısında piket üçün toplaşmış ermənilərin rəhbəri asayişi təmin etmək və baş verə biləcək hər hansı bir xoşagəlməz hadisənin qarşısını almaq məsədilə piketçilərin yaxınlığında dayanan Polşa polisinə müraciət edərək musiqinin petisiyanı oxumağa imkan vermədiyini bildirdi və musiqini dayandırmağı tələb etdi. Polis ermənilərin sözügedən istəyini yerinə yetirməkdən imtina etdi.
Beləliklə, ermənilərin Səfirlik qarşısında keçirdikləri piket Xocalı soyqırımını əks etdirən sərginin fonunda və Azərbaycan musiqilərinin sədaları altında yarımçıq qaldı.
Azərbaycanın Polşadakı səfirliyi erməni piketinin qarşısını alıb
Azərbaycanın Polşadakı səfirliyi çərşənbə axşamı erməni piketinin qarşısını alıb.