...

Ermənistan hakimiyyəti daim rüşvət paylayıb, lakin həmişə də məğlub olub - müxalifət lideri

Siyasət Materials 13 Aprel 2012 20:20 (UTC +04:00)
Ölkəni 15 illik dəhşətdən çıxarmaq üçün hər bir seçicidən yalnız seçki məntəqəsinə getmək və rüşvət və hədələrə tabe olmayaraq, vicdanla səs vermək tələb olunur.
Ermənistan hakimiyyəti daim rüşvət paylayıb, lakin həmişə də məğlub olub - müxalifət lideri

Azərbaycan, Bakı, 13 aprel /Trend/

Ölkəni 15 illik dəhşətdən çıxarmaq üçün hər bir seçicidən yalnız seçki məntəqəsinə getmək və rüşvət və hədələrə tabe olmayaraq, vicdanla səs vermək tələb olunur. Bunu müxalif Ermənistan Milli Konqresinin (EMK) lideri Levon Ter-Petrosyan bu gün Ermənistanın Araqasot vilayətinin seçiciləri ilə ilk seçkiqabağı görüşündə bildirib. Bu barədə Trend cümə günü Ermənistan KİV-ə istinadən məlumat verir.

Ter-Petrosyanın sözlərinə görə, dünya daha Ermənistanda törədilən qanunsuzluqlara dözməyəcək. "On illərlə hakimiyyətdə olan diktatorların çökdüyü ərəb ölkələrindəki hadisələr bütün dünya üçün dərs oldu və əminəm ki, dünya bu gün həmin seçkilərə tamamilə başqa gözlə baxır. Bu, hakimiyyətin keçmişdə xalqa qarşı törətdiyi hərə-qorxuları, zorakılıqları təkrar etməyə cürət etməyəcəyinə yeni zəmanətdir. Deməli, heç nədən qorxmaq lazım deyil", - EMK lideri bildirib.

"Xalqı ümidsizliyə sürükləməyə yönələn ardıcıl təbliğat təsadüfi deyil. Bu yalandır, sabun köpüyüdür, bu sizi hipnoz etmək üçün vasitədir. Onlar guya kameraya çəkirlər, kimin necə səs verdiyini görmək üçün kameralar quraşdırırlar. Bu, tamamilə yalandır, belə şey yoxdur, siz öz səsinizin sahibisiniz", - Ter-Petrosyan bəyan edib və seçki rüşvətinin bu seçkilərin taleyini müəyyən edəcəyini "ən böyük yalan" adlandırıb.

Ter-Petrosyanın sözlərinə görə, bu hakimiyyət daim rüşvət paylayıb, lakin həmişə də məğlub olub: "Hakimiyyət seçkiləri başqa üsullarla - zorakılıqla, bülletenləri atmaq və ölkədə olmayan seçicilərin yerinə səs verməklə saxtalaşdırır".

O, tədbirdə iştirak edənləri hakimiyyətə inanmamağa çağırıb. "Onlar elə nağıllar danışır, elə vədlər verirlər ki, sanki onlar göydən yerə enmiş mələklərdir. Ya da mənim də inandığım bir ifadə - onların şüarı. Mən inanıram ki, biz dəyişəcəyik", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti