...

Elmar Məmmədyarov: Azərbaycan ISAF əməliyyatlarına tövhə verməyə davam etməkdə qərarlıdır

Siyasət Materials 19 Aprel 2012 19:35 (UTC +04:00)
Azərbaycan həm qoşun hissələri göndərməklə, həm də öz ərazisindən tranzit kimi istifadə olunmasına icazə verməklə, habelə qardaş əfqan xalqına qeyri-hərbi yardım proqramları təmin etməklə ISAF əməliyyatlarına tövhə verməyə davam etməkdə qərarlıdır.
Elmar Məmmədyarov: Azərbaycan ISAF əməliyyatlarına tövhə verməyə davam etməkdə qərarlıdır

Azərbaycan, Bakı, 19 aprel /Trend/

Azərbaycan həm qoşun hissələri göndərməklə, həm də öz ərazisindən tranzit kimi istifadə olunmasına icazə verməklə, habelə qardaş əfqan xalqına qeyri-hərbi yardım proqramları təmin etməklə ISAF əməliyyatlarına tövhə verməyə davam etməkdə qərarlıdır. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov NATO-nun Şimali Atlantika Şurasının
ISAF-a (Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri) tövhə verən dövlətlərin xarici işlər nazirləri ilə iclasında çıxış edərkən deyib. Bu barədə Trend-ə XİN-in mətbuat xidmətindən məlumat verilib.

"Biz təhlükəsizliyin, habelə nizam-intizamın təmin edilməsi üçün məsuliyyətin əfqan hakimiyyətinə ötürülməsini dəstəkləyirik. Əfqanıstan rəhbərliyi və inkişaf etməkdə olan əfqan potensialı keçid prosesinin uğurla tamamlanması üçün əsas amildir. Azərbaycan Əfqan Milli Təhlükəsizlik Qüvvələrinin imkanlarının gücləndirilməsi istiqamətində beynəlxalq dəstək məsələsinə böyük əhəmiyyət verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin fevralında NATO mənzil-qərargahına səfəri zamanı Əfqanıstan Milli Ordusu Fonduna 1 milyon Avro ayrıldığını elan etdi və həmin məbləğ bu yaxınlarda Fondun hesabına köçürülmüşdür. Və bu bir başlanğıcdır", - Məmmədyarov bildirib.

XİN rəhbəri qeyd edib ki, biz tam şəkildə inanırıq ki, genişmiqyaslı mülki təlim proqramları da digər bir prioritet sahə olmalıdır. Əfqanıstanın spesifik ehtiyaclarını nəzərə alaraq, Azərbaycan müxtəlif institutlar - Azərbaycan Diplomatik Akademiyası, Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik və Sərhəd Xidməti Akademiyası vasitəsilə Əfqanıstanda təhsil və təlim proqramları həyata keçirir.

"ANAMA bu yaxınlarda Əfqanıstan məktəblərində istifadə olunması üçün yerli dillərdə mina təhlükəsi barədə nəşrlər hazırlamış və bu ölkəyə çatdırmışdır. Bu xüsusilə Əfqan dostlarımız tərəfindən yüksək qiymətləndirilmişdir. Yekun olaraq, Azərbaycanla NATO arasında sıx siyasi dialoq və əsaslı praktik əməkdaşlığın vacibliyini vurğulamaq istəyirəm. Bunlar NATO-nun başçılıq etdiyi ISAF əməliyyatlarına və Əfqanıstanda sülh və təhlükəsizliyə başlıca tövhə verən amillər olmuşlar", - Məmmədyarov deyib.

Xəbər lenti

Xəbər lenti