...

Mehriban Əliyeva: Romada Nizami Gəncəvinin abidəsinin açılması İtaliyada onun yaradıcılığına marağı artıracaq (FOTO)

Siyasət Materials 20 Aprel 2012 22:18 (UTC +04:00)
“Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 dekabr tarixli Sərəncamına əsasən, şairin yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın İtaliyadakı səfirliyinin iştirakı ilə aprelin 20-də Roma şəhərindəki məşhur “Villa Borghese” parkında böyük söz ustadının abidəsinin açılışı olmuşdur. Bu barədə AzərTAc dövlət agentliyi xəbər yayıb.
Mehriban Əliyeva: Romada Nizami Gəncəvinin abidəsinin açılması İtaliyada onun yaradıcılığına marağı artıracaq (FOTO)

Azərbaycan, Bakı, 20 aprel /Trend/

"Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 dekabr tarixli Sərəncamına əsasən, şairin yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın İtaliyadakı səfirliyinin iştirakı ilə aprelin 20-də Roma şəhərindəki məşhur "Villa Borghese" parkında böyük söz ustadının abidəsinin açılışı olmuşdur. Bu barədə AzərTAc dövlət agentliyi xəbər yayıb.

Mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak etmişdir.

Birinci xanım Mehriban Əliyeva və Roma Şəhər Meriyasının beynəlxalq şöbəsinin müdiri xanım Serena Forni abidənin üzərindəki ağ örtüyü götürdülər.

Abidənin önünə əklil qoyuldu.

Xanım Serena Forni tədbirdə çıxış edərək Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya bu mərasimdə iştirakına görə minnətdarlığını bildirmiş, Romada Nizami Gəncəvinin abidəsinin ucaldılmasını ölkələrimiz arasında dostluğun rəmzi kimi qiymətləndirmişdir.

Dahi Azərbaycan şairinin xatirəsinə Romada ucaldılan abidənin həm də ölkələrimiz arasında əməkdaşlığın bir hissəsi kimi qiymətləndirən Serena Forni Mehriban xanım Əliyevanın səyləri sayəsində son vaxtlar Romada bir sıra tədbirlərin keçirildiyini diqqətə çatdırmışdır.

Serena Forni ötən il Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü ilə bağlı Romada keçirilmiş tədbirin əhəmiyyətini də vurğulamışdır.

Nizami Gəncəvinin yaradıcılığını yüksək qiymətləndirən Neapol Şərqşünaslıq Universitetinin professoru Mineli Bernardini Azərbaycanın Gəncə şəhərində dünyaya göz açan dahi şairin əsərlərini bütün dövrlər üçün əvəzsiz xəzinə adlandırmışdır.

Professor bildirmişdir ki, dahi Nizaminin yaradıcılığı Azərbaycan xalqına xidmət etməklə yanaşı, digər xalqlar üçün də böyük əhəmiyyət daşıyır. "Nizamini İtaliyada da yaxşı tanıyırlar", - deyən alim xalqımızın dahi oğlunun əsərlərinin italyan dilinə tərcümə edildiyini və sevildiyini, onun bütün yaradıcılığının bəşəri əhəmiyyət daşıdığını diqqətə çatdırmışdır.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə çıxış etmişdir.

Abidənin ucaldılmasında əməyi olan insanlara minnətdarlığını bildirən Mehriban xanım Əliyeva bu günlərdə İtaliyada Azərbaycan Mədəniyyəti Günlərinin keçirildiyini xatırlatmış və qeyd etmişdir ki, dahi şairimizə möhtəşəm abidənin açılması bu hadisənin kulminasiya nöqtəsidir.

"Nizami Gəncəvi Azərbaycan mədəniyyətinin və tarixinin ən görkəmli şəxsiyyətlərindən biridir", - deyən Mehriban xanım Əliyeva Nizami yaradıcılığının bütün dünyada sevildiyindən danışmış, UNESCO tərəfindən ədibin 850 illiyi münasibətilə 1991-ci ilin "Nizami Gəncəvi ili" elan edildiyini diqqətə çatdırmışdır. Bu gün şairin əlyazmaları dünyanın bir çox kitabxanalarında və arxivlərində saxlanılır.
Mehriban xanım Əliyeva Nizami yaradıcılığının yüksək sənətkarlıq, ədalət, xeyirxahlıq düşüncələri ilə seçildiyini vurğulamış, hələ orta əsrlərdə - Renessans dövründə bir çox Avropa ədiblərinin Nizaminin əsərlərinə müraciət etdiyini söyləmişdir.

Dahi Nizaminin qədim Azərbaycan şəhəri olan Gəncədəki məqbərəsinin mədəniyyət və tarixi abidə kimi dövlət tərəfindən qorunduğunu vurğulayan Azərbaycanın birinci xanımı Mehriban Əliyeva demişdir:

- Mən əminəm ki, belə möhtəşəm parkda, Romanın qəlbində dahi şairə, filosofa, humanist insana bu abidənin açılması İtaliyada da onun yaradıcılığına, poeziyasına diqqət və marağı artıracaqdır. Eyni zamanda, bu hadisə ölkələrimiz arasında mədəniyyət və humanitar sahələrdə əlaqələrin möhkəmləndirilməsinə şübhəsiz ki, öz töhfəsini verəcəkdir.

İtaliya ilə Azərbaycan bu gün demək olar ki, bütün sahələrdə tərəfdaşdır və bizim mədəniyyət sahəsində görüşlərimiz artıq ənənəvi xarakter daşıyır.

Ötən ilin dekabrında Romada ölkəmizin müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümünə həsr edilmiş Azərbaycan Gecəsi keçirilmişdir. Roma Opera Teatrında Azərbaycan musiqisi, muğam səslənirdi, Azərbaycanın qədim xalçaçılıq məktəbini əks etdirən sərgi təşkil olunmuşdur.

Bu ilin sonunda Azərbaycanın müasir incəsənətini əks etdirən "Bakıya uçuş" adlı sərgi təşkil ediləcəkdir.

Bu ay İtaliyanın paytaxtında və digər şəhərlərində keçirilən Azərbaycan Mədəniyyəti Günləri çox böyük maraq və diqqətlə qarşılanmışdır. Bu ilin payız aylarında Azərbaycanda İtaliya Mədəniyyəti Günləri keçiriləcəkdir. Mən sizi əmin etmək istərdim ki, İtaliyanın zəngin tarixi, mədəniyyəti, incəsənəti, musiqisi, rəssamlıq və memarlıq məktəbi ölkəmizdə çox yaxşı tanınır və sevilir.

"Mədəniyyət və incəsənət xalqları, insanları bir araya gətirmək, daha yaxşı anlamaq üçün ən gözəl vasitədir", - deyən Mehriban xanım Əliyeva əminliklə bildirmişdir ki, gələcəkdə ölkələrimiz arasında daha çox görüşlər, birgə maraqlı layihələr olacaq və əməkdaşlığımız daha da möhkəmlənəcəkdir.

Dahi şairin Romadakı abidəsinin müəllifləri Xalq Rəssamı Salxab Məmmədov və Əməkdar Rəssam Əli İbadullayevdir. Layihə Roma şəhər meriyasının tarix və incəsənət komissiyası tərəfindən də təsdiqlənmişdir.

İtaliyanın paytaxtında dahi şairin abidəsinin ucaldılması bir daha təsdiqləmişdir ki, bəşər bədii fikrinin nadir hadisəsi olan Nizami yaradıcılığı səkkiz əsrdən artıqdır ki, xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmişdir. Nizami Gəncəvi ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığı ilə Şərq bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirmiş və şeiriyyəti yüksəkliklərə qaldırmışdır. Qüdrətli söz ustadının bəşəriyyətin bədii fikir salnaməsində yeni parlaq səhifə açmış ölməz əsərləri bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərir. Odur ki, Romada açılmış abidə Azərbaycan Prezidentinin müvafiq Sərəncamının icrası, Nizami Gəncəvinin xatirəsinin əbədiləşdirilməsi, onun bədii irsinin və klassik ədəbiyyatımızın dünya miqyasında təbliği istiqamətində atılan mühüm addımdır.

Foto - AzərTAc

Xəbər lenti

Xəbər lenti