...

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında elmi-praktik konfrans keçirilib (FOTO)

Siyasət Materials 5 May 2012 14:31 (UTC +04:00)
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında Azərbaycan xalqının müdrik oğlu, dünya şöhrətli siyasi xadim, təhlükəsizlik orqanlarının əbədi və fəxri rəhbəri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş elmi-praktik konfrans keçirilib.
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında elmi-praktik konfrans keçirilib (FOTO)

Azərbaycan, Bakı, 5 may /Trend/

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında Azərbaycan xalqının müdrik oğlu, dünya şöhrətli siyasi xadim, təhlükəsizlik orqanlarının əbədi və fəxri rəhbəri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş elmi-praktik konfrans keçirilib.

MTN-in İctimai Əlaqələr Mərkəzindən şənbə günü Trend-ə verilən məlumata görə, konfransı Akademiyanın rəisi general-leytenant Ziya Yusif-zadə giriş sözü ilə açdıqdan sonra ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirilib.

Ziya Yusif-zadə çıxış edərək bildirib ki, xalqımızın iftixarı, bəşəriyyətin nadir ictimai-siyasi şəxsiyyətlərindən olan, bütün dünya azərbaycanlılarının ümummilli liderinə və inam mənbəyinə çevrilmiş Heydər Əliyevin ideyaları və əməlləri daim qəlblərdə yaşayır. Müstəqil Azərbaycanın və onun dövlətçiliyinin banisi olan ulu öndərin xalqımız və ölkəmiz üçün etdikləri əsrlər keçsə də, tarixi dəyərini itirməyəcək. Heydər Əliyev siyasi-mənəvi irsi təkcə xalqımızın deyil, bəşəriyyətin zəngin xəzinəsinə çevrilib. Məhz bu amilləri nəzərə alsaq, müasir Azərbaycan tarixini ümummilli lider Heydər Əliyevin həyat və çoxsahəli zəngin ictimai-siyasi və dövlətçilik fəaliyyətindən ayrı təsəvvür etmək imkansızdır. Azərbaycanın 30 ildən artıq bir dövrü - istər keçmiş ittifaq dönəmində, istərsə də müstəqillik illərində əldə etdiyi nailiyyətlərin fövqündə məhz Heydər Əliyev fenomeni və dühası, ilahi uzaqgörənliklə bütün daxili və xarici maneələri dəf edərək, həyata keçirdiyi müdrik siyasi kurs dayanıb. Ulu öndərin misilsiz xidmətlərindən biri də odur ki, o, Azərbaycanın tarixi keçmişini bərpa edib, milli-mənəvi irsini özünə qaytarıb, adət-ənənələrini yaşadıb. Ana dilini, ədəbiyyatını, incəsənətini, musiqisini inkişaf etdirmək və dünyada tanıtmaq istiqamətində misilsiz xidmətlər göstərib.

Akademiya rəisi bildirib ki, Heydər Əliyev Azərbaycanın 60-cı illərdə düşdüyü ağır vəziyyətdə zamanın meydana çıxardığı lider, bənzərsiz şəxsiyyət olub. Məhz Heydər Əliyevin gərgin və məqsədyönlü fəaliyyəti sayəsində 1969-cu ildən başlayaraq Azərbaycanda baş verən köklü dəyişikliklər ictimai və iqtisadi sahədəki dərin islahatlar, xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçməsi Azərbaycanın quruculuq salnaməsində əvəzsiz yer tutur. Respublikamızın indiki siyasi və iqtisadi müstəqilliyi, beynəlxalq münasibətlər sisteminə və dünya iqtisadiyyatına inteqrasiyası məhz 1969-1982-ci illərdə Heydər Əliyev tərəfindən yaradılmış potensiala əsaslanır.

"1991-ci ildə dövlət müstəqilliyimizi bərpa etsək də, onu yenidən itirmək təhlükəsi ilə üzləşmişdik. O vaxt Azərbaycana rəhbərlik edən səriştəsiz insanların günahı üzündən ölkəmizdə vətəndaş qarşıdurması yaranmışdı, hərcmərclik baş alıb gedir, bütün sahələrdə böhran günbəgün dərinləşir, torpaqlarımız zəbt olunurdu. Belə bir dövrdə və şəraitdə Heydər Əliyev xalqın tələbi ilə yenidən böyük siyasətə qayıtdı, ölkəni fəlakətdən qurtarmaq, ilk növbədə, ölkədə siyasi sabitliyi təmin etmək üçün gərgin fəaliyyətə başladı. Heydər Əliyev ölçüyəgəlməz titanik fəaliyyəti ilə müstəqil dövlətimizi formalaşdırdı, müstəqilliyimizi qorudu. Uzun illər ulu öndər Heydər Əliyevlə birgə işləmiş, fəaliyyət göstərmiş və daim onunla ünsiyyətdə olmuş bir insan kimi deyə bilərəm ki, dahi insanlara xas olan bütün mənəvi keyfiyyətlər onun şəxsində qibtə ediləcək kamilliklə əks olunub. Dəmir iradə və fitri idarəetmə qabiliyyəti, müdriklik və uzaqgörənlik, fenomenal yaddaş və güclü məntiq, cəsarət və qətiyyət, vətənsevərlik və yüksək humanizm, dövlətçilik və azərbaycançılıq. Heydər Əliyev tariximizdə təkcə milli müstəqillik ideyasını praktiki olaraq gərçəkləşdirmiş lider kimi deyil, o, eyni zamanda qurduğu dövləti qətiyyətlə hər cür təhlükələrdən qoruyan, möhkəmliyini təmin edən və hərtərəfli inkişafı üçün sosial iqtisadi, siyasi, hüquqi zəmin hazırlayan müdrik rəhbər olaraq əbədiyaşarlıq qazanıb", - o deyib.

Bu gün Heydər Əliyevin ölkənin inkişafı sahəsində başladığı nəhəng işlər, möhtəşəm layihələr, daxili sabitliyin, siyasi həmrəyliyin və milli birliyin möhkəmləndirilməsi, xalqımızın sosial-rifahının ildən-ilə yüksəlməsi ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən böyük uğur və yaradıcılıqla inkişaf etdirilir. Bu gün müstəqil Azərbaycan istər siyasi, istər iqtisadi, istərsə də mədəni inkişaf baxımından dünyanın qüdrətli dövlətləri sırasında qəbul edilir. Bu, ulu öndər Heydər Əliyevin "Azərbaycan dünyaya günəş kimi doğacaqdır" arzusunun Prezident İlham Əliyev tərəfindən həyata keçirilməsinin əyani göstəricisidir. Heydər Əliyevin böyük uzaqgörənliklə yaratdığı və indi onun adını daşıyan Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının inkişafına ümummilli liderin diqqət və qayğısını qeyd edən natiq, bu yolun çox da asan olmadığını vurğulayıb. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin təhsilə, özəlliklə də hərbi və xüsusi təhsilə verdiyi önəm və qayğının, milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun Akademiyanın maddi-texniki bazasının və fəaliyyətinin təkmilləşdirilməsinə gündəlik diqqət və nəzarətinin nəticəsidir ki, bu xüsusi təyinatlı ali tədris müəssisəsi yüksək səviyyədə inkişaf edib, təhsil üçün bütün imkanlar yaradılıb.

Tədbirdə çıxış edən polkovnik Tariyel Əliyev və polkovnik Oqtay Zeynalov ümummilli lider Heydər Əliyevin misilsiz fəaliyyəti nəticəsində Azərbaycanın öz müstəqilliyini qoruyub saxlamasından, müasir dövlət quruculuğundakı rolundan, onun gənclərə göstərdiyi diqqət və qayğıdan danışıblar. Ali Baş Komandan İlham Əliyevin Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında təhsil alanlara, gələcəyin milli təhlükəsizliyinin keşikçilərinə bəslədiyi inam və etimadını qeyd edən leytenant Ramal Cəlilov və kursant Elşad Şəmiyev bu tədris ocağında elmlərə yiyələnən gənclərin adından ulu öndərin ideyalarının həyata keçirilməsində fəal iştirakçı olmaqdan şərəf və qürur duyduqlarını vurğulayıb, Heydər Əliyev irsinə və amallarına daim sadiq olacaqlarını, Vətənin müstəqilliyini və suverenliyini göz bəbəyi tək qoruyacaqlarını, bütün Azərbaycan gəncləri kimi onlar da Prezident İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşəcəklərini, dövlətçiliyimizin daha da qüdrətlənməsi üçün səylərini əsirgəməyəcəklərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti