...

Radikal islamçılar türbələri dağıdır (FOTO)

Siyasət Materials 5 İyul 2012 15:46 (UTC +04:00)
Malinin şimalını ələ keçirən radikal islamçılar "haram" olduğunu iddia edərək Timbuktu şəhərinin türbələrini bir-bir yerlə yeksan edirlər. Dağıdılan türbələrin sayı artıq dördə çatıb. Beynəlxalq Cinayət Məhkəməsi baş verənləri "hərbi cinayət" adlandırıb.
Radikal islamçılar türbələri dağıdır (FOTO)

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir X.Murtuzayeva/

Malinin şimalını ələ keçirən radikal islamçılar "haram" olduğunu iddia edərək Timbuktu şəhərinin türbələrini bir-bir yerlə yeksan edirlər. Dağıdılan türbələrin sayı artıq dördə çatıb. Beynəlxalq Cinayət Məhkəməsi baş verənləri "hərbi cinayət" adlandırıb. Bu barədə Trend Türkiyə KİV-ə istinadən məlumat verir.

Terrorçu "əl-Qaidə" təşkilatı ilə əlaqəsi olan radikal islamçı "Ənsar Din" qruplaşması ölkə rəhbərliyi və beynəlxalq birliyin reaksiyalarına baxmayaraq, YUNESKO-nun dünya irs siyahısına salınan tarixi Timbuktu şəhərindəki yüz illərlə yaşı olan türbələri dağıtmaqda davam edir. Türbələrin şəriətə görə haram olduğunu iddia edən "Ənsar Din" "333 övliya şəhəri" kimi məşhur olan Timbuktudakı bütün türbələri yox edəcəklərini bəyan edib.

Keçən həftə 600 illik yaşı olan Şeyx Mahmud türbəsini dağıdan yaraqlılar srağagün Şeyx Moktar və Alpa Moya abidələrini məhv ediblər, dünən isə Şeyx əl-Kəbir türbəsi hədəfə alınıb.

"Ənsar Din" qruplaşmasının yaraqlıları Şeyx Moktar və Alpa Moya türbələrini traktorlarla dağıdaraq 1327-ci ildə inşa edilən "Djingareyber" məscidinin içində olan Şeyx əl-Kəbir türbəsinə isə bellər və başqa qazma vasitələri ilə hücum ediblər. Yaraqlılar "Allahü Əkbər" deyə qışqıraraq türbələri dağıdarkən əhali ətrafdan onları əlacsız şəkildə izləyib.

"Türbələrin dağıdılmasına tamaşa edirik. Biz çox kədərlənirik, amma heç nə edə bilmirik. Bu dəli adamlar silahlıdırlar, amma buna görə biz lənətlənəcəyik", - Timbuktu sakinlərindən biri AFP agentliyinə deyib.

"Ənsar Din" isə şəriət qanunlarını bölgəyə gətirməzdən əvvəl bütün türbələri dağıdacaqlarını açıqlayıb. "Biz yalnız şəriəti tanıyırıq. Bizim peyğəmbərimiz qəbirlər üzərindəki tikililərin dağıdılmasının lazım olduğunu söyləyib. Turizmin əleyhinəyik. Çünki turizm əxlaqsızlığı təşviq edir", - "Ənsar Din" qruplaşmasının üzvü Ömər Uld Hamaha deyib.

Malinin Mədəniyyət Nazirliyi isə Birləşmiş Millətlər Təşkilatına (BMT) şəhərin qorunması üçün müraciət edib. "Beynəlxalq birlikdən bizə həmrəylik göstərmələrini xahiş edirəm. BMT xalqımın mədəni irsinə qarşı işlənən bu cinayətin dayandırılması üçün konkret addımlar atmalıdır", - nazir Fadima Diello deyib.

Malinin xarici işlər naziri Sadio Lamin Sov da böhranı araşdırmaq üçün qonşu Əlcəzairə gedib.

Bu arada Beynəlxalq Cəza Məhkəməsi (BCM) isə türbələrin dağıdılmasının "müharibə cinayəti" olduğunu bəyan edib.

"Bu, hərbi cinayətdir və mənim ofisim irimiqyaslı tədqiqatlara başlamaq hüququna malikdir. Mənim bu cinayətdə iştirak edənlərə müraciətim bu binaların dağıdılmasını dərhal dayandırmaqdan ibarətdir. BCM-in nizamnaməsinin 8-ci maddəsinə görə, mülki binalara hücum hərbi cinayət hesab edilir", - baş prokuror Fatu Bensud bildirib.

Xatırladaq ki, "Ənsar Din" qruplaşması bu ilin mart ayında reallaşan çevrilişin yaratdığı boşluqdan istifadə edərək Tuareq üsyançılarının dəstəyi ilə ölkənin şimalını ələ keçirib.

Xəbər lenti

Xəbər lenti