...

Meksika Senatının sədr müavini İçərişəhərlə tanış olub (FOTO)

Siyasət Materials 13 İyul 2012 09:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyul /Trend/

Meksika Birləşmiş Ştatları Senatının vitse-spikeri Fransisko Arroyo Vieyra İçərişəhərdə gəzintidə olub. Əvvəlcə qonağa "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun yaranma tarixi və yerli idarəetmə sistemi haqqında məlumat verilib.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən cümə günü Trend-ə verilən məlumata görə, qonaq Qız Qаlаsının şimаl tərəfində 1964-cü ildə aparılan arxeoloji qazıntı işləri zаmаnı aşkar olunmuş Sıratağlı dini-memarlıq kompleksindəki ("Bazar Meydanı") bədii daşyonma sənətinin nümunələrinə baxıb.

Vieyraya unikal memarlıq quruluşlu, YUNESKO-nun "Dünya İrs Siyahısı"na daxil olan Qız Qalası abidəsi haqqında ətraflı məlumat verilib.

ХV əsrin sоnundа İçərişəhərin ticаrət mаgistrаlının üzərində tikilmiş Buxara karvansarasında olarkən orta əsrlərdə karvansaraların təyinatı barədə maraqlı məlumatlar qonağın diqqətinə çatdırılıb.

Kiçik Qala küçəsi ilə davam edən gəzinti zamanı qonaq İçərişəhərdə milli mətbəximizin nümunəsi olan təndir çörəyinin dadına baxıb.

Nadir memarlıq incisi olan "Şirvanşahlar Sarayı Kompleksi"ndə olan Vieyraya Azərbaycanın qədim dövlətçilik tarixi və kompleksin inşaat-memarlıq xüsusiyyətləri ilə bağlı ətraflı məlumat verilib.

Sonda Meksika Birləşmiş Ştatları Senatının sədr müavini Fransisko Arroyo Vieyra İçərişəhərin Fəxri qonaqlar kitabında öz ürək sözlərini qeyd edib və qədim şəhərə heyran olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti