...

Uruqvay Prezidenti Azərbaycana rəsmi səfərə dəvət olunub (FOTO)

Siyasət Materials 28 İyul 2012 17:42 (UTC +04:00)
İyulun 27-də xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Uruqvaya rəsmi səfər edib.
Uruqvay Prezidenti Azərbaycana rəsmi səfərə dəvət olunub (FOTO)

Azərbaycan, Bakı, 28 iyul /Trend/

İyulun 27-də xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Uruqvaya rəsmi səfər edib.

Azərbaycan XİN-in mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, Məmmədyarov səfər çərçivəsində ilk olaraq Uruqvay Prezidenti Xose Muxika Kordano tərəfindən qəbul edilib. Uruqvay Prezidenti Azərbaycandan Uruqvaya həyata keçirilən bu ilk rəsmi səfərdən məmnunluğunu ifadə edib və bu səfərin iki ölkə arasında əməkdaşlığın inkişafına böyük təkan verəcəyinə əmin olduğunu bildirib.

Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Uruqvay dövlət başçısına çatdıran nazir Elmar Məmmədyarov Azərbaycan Prezidenti tərəfindən uruqvaylı həmkarına ünvanlanmış Azərbaycana rəsmi səfərə dəvət məktubunu Xose Muxika Kordanoya təqdim edib.

Prezident Kordano öz növbəsində onun da salamlarını və xoş arzularını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib, habelə dəvətə görə təşəkkürünü bildirib.

Nazir Elmar Məmmədyarov Uruqvay Prezidentinə ölkəmizin inkişaf strategiyası, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən transmilli layihələr, habelə Ermənistan-Azərbaycan münaqişəsi və onun nəticələri, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənədlər, xüsusilə də BMT TŞ-nın qətnamələri, münaqişənin nizamlanmasına dair ölkəmizin mövqeyi, o cümlədən münaqişənin nizamlanmasının regionun inkişafı və çiçəklənməsinə verəcəyi töhfələr barədə ətraflı məlumat verib.

Görüşdə Azərbaycan və Uruqvayın öz regionlarında strateji əhəmiyyətə və sürətlə inkişaf edən iqtisadiyyata malik ölkələr olduğu bildirilib, iki ölkə arasında əlaqələrin inkişafı üçün geniş potensialın olduğu vurğulanıb. Həmçinin, iqtisadi sahədə geniş əməkdaşlıq imkanlarından, enerji, kənd təsərrüfatı, əczaçılıq, informasiya texnologiyaları sahəsində qarşılıqlı faydalı ticarət və sərmayə imkanları barədə, eləcə də regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti