Azərbaycan, Bakı, 2 avqust /Trend müxbir M.Əliyev/
Azərbaycanın bir sıra müxalifət partiyalarının aktivliyi mövsümi xarakter daşıyır. Bunu cümə axşamı Trend-ə hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.
Onun sözlərinə görə, hazırda həmin partiyaların aktivliyi müşahidə olunmur.
"Müxalifətin adətən yaz-payız aylarında keçirdiyi aksiyalar, mitinqlər mövsümi xarakter daşıyır. Həmin partiyalar mütəmadi olaraq Azərbaycanda beynəlxalq tədbirlər keçirilən zaman mitinqlərlə gündəliyə gəlirlər və dünyada ölkəmiz barədə mənfi imic yaratmaq istəyirlər", - millət vəkili deyib.
Novruzovun sözlərinə görə, bəzi müxalifət partiyalarının mitinqdənkənar fəaliyyəti yalnız qəzet səhifələri ilə məhdudlaşır.
"Bu şəkildə fəallığı olmayan müxalifətin prezident seçkilərinə hansısa hazırlığından söhbət gedə bilməz. Çünki onlarda mitinqlərə alternativ tədbirlər hələ ki tapılmayıb", - YAP funksioneri qeyd edib.