...

Morninqstar: Azərbaycan-ABŞ əlaqələri möhkəmdir

Siyasət Materials 10 Sentyabr 2012 17:01 (UTC +04:00)
ABŞ ilə Azərbaycan arasında əlaqələr çox möhkəmdir, ölkələr bir çox məsələlər üzərində birgə çalışırlar.
Morninqstar: Azərbaycan-ABŞ əlaqələri möhkəmdir

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbirlər E.Tarıverdiyeva, E.Mehdiyev/

ABŞ ilə Azərbaycan arasında əlaqələr çox möhkəmdir, ölkələr bir çox məsələlər üzərində birgə çalışırlar. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Bakıda jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bildirib.

"Mən səfir postuna təyin edilənədək Azərbaycana 20 dəfə səfər etmişəm və təyin olunduğum andan çox məşğulam. Ölkənin rəsmi şəxsləri, o cümlədən xarici işlər naziri Elmar Məmmədyarovla görüşlər keçirmişəm", - Morninqstar deyib.

Səfirin sözlərinə görə, ABŞ və Azərbaycan regional sabitlik, enerji təhlükəsizliyi, demokratiya, insan haqları və terrorizmlə mübarizə kimi məsələlər üzrə birgə işləyirlər.

"Məqsədim bundan sonra da ABŞ və Azərbaycan arasında münasibətlərin fəallaşdırılmasından ibarətdir", - o deyib.

Morninqstarın sözlərinə görə, ABŞ Dövlət Departamentinin Azərbaycan zabiti Ramil Səfərovun azad edilməsi məsələsinə dair bəyanatını dəstəkləyir. O bildirib ki, bu məsələ ilə bağlı vəziyyət regionda gərginliyin azaldılmasına xidmət etmir.

"Lakin ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə konstruktiv prosesi davam etdirə biləcəyik", - səfir qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həllini tapmaq üçün ATƏT-in Minsk qrupunun köməyi ilə iş aparmağa davam etməsi vacibdir.

Səfir bildirib ki, ABŞ bu istiqamətdə ATƏT-in Minsk qrupunun həmsədri qismində digər həmsədrlərlə, Azərbaycan və Ermənistanla iş aparacaq.

Xəbər lenti

Xəbər lenti