...

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının yeni binasının açılışında iştirak edib (FOTO)

Siyasət Materials 7 Oktyabr 2012 21:57 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev bazar günü Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib. Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının yeni binasının açılışında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 7 oktyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev bazar günü Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib. Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycan Prezidenti binada aparılmış tikinti işlərinin gedişini əks etdirən fotostendə baxdı.
Bildirildi ki, Heydər Əliyev parkında yerləşən binanın tikintisinə cari ilin mayında başlanılmışdır. Sahəsi 451 kvadratmetr olan ikimərtəbəli yeni inzibati binanın ətrafında yaşıllıq zolağı salınmış, işıqlandırma sistemi qurulmuşdur. Binanın birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur.

Büstün ətrafında ümummilli lider Heydər Əliyevin və Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin partiya qurultaylarında iştiraklarını və müxtəlif vaxtlarda Zərdab rayonuna səfərlərini əks etdirən fotolar yer almışdır. Ümumilikdə inzibati bina 6 otaqdan və konfrans zalından ibarətdir. Zalda respublika və rayon əhəmiyyətli mötəbər tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Buradakı bütün otaqlarda səmərəli fəaliyyət üçün hər cür şərait yaradılmışdır.

Qeyd olundu ki, yeni binada informasiya-kommunikasiya texnologiyalarının tətbiqi də xüsusi diqqətdə saxlanılmış, bütün otaqlar müasir avadanlıqla təchiz edilmişdir. Binada müasir havalandırma sistemi quraşdırılmışdır.

Vurğulandı ki, YAP Zərdab rayon təşkilatı 1993-cü il avqustun 14-də təsis olunmuşdur. Hazırda 5 min 400 üzvü olan qurum partiyanın 64 ərazi ilk təşkilatını birləşdirir. Təşkilatın sıraları əsasən gənclər hesabına ildən-ilə artır. Onlar hazırda partiya üzvlərinin 37 faizini, qadınlar isə 44 faizini təşkil edirlər.

Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.

Xəbər lenti

Xəbər lenti