...

Əli Əhmədov: "Freedom House"un hesabatı separatizmə, etnik təmizləməyə və işğala haqq qazandırmaq cəhdi kimi qiymətləndirilməlidir

Siyasət Materials 17 Yanvar 2013 18:04 (UTC +04:00)
Biz dəfələrlə bir sıra beynəlxalq təşkilatların hesabatlarının qərəzli olması barədə fikirlər bildirmişik. Belə təşkilatlardan biri də, heç şübhəsiz, "Freedom House" təşkilatıdır.
Əli Əhmədov: "Freedom House"un hesabatı separatizmə, etnik təmizləməyə və işğala haqq qazandırmaq cəhdi kimi qiymətləndirilməlidir

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir E.Mehdiyev/

Biz dəfələrlə bir sıra beynəlxalq təşkilatların hesabatlarının qərəzli olması barədə fikirlər bildirmişik. Belə təşkilatlardan biri də, heç şübhəsiz, "Freedom House" təşkilatıdır. Təkcə Azərbaycan deyil, digər dövlətlər də tez-tez bu təşkilatın hazırladığı hesabatların qeyri-obyektivliyini sübuta yetiriblər. Bu təşkilatın Azərbaycana qarşı qərəzli mövqeyi çoxdan məlumdur. Səbəbləri haqqında indi danışmaq bəlkə də yerinə düşmür. Lakin fakt faktlığında qalır. Trend-in məlumatına görə, bu fikirləri hakim partiyanın saytına açıqlamasında YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov "Freedom House" təşkilatının son hesabatında tanınmamış "Dağlıq Qarabağ"ı qismən azad olan ölkələr sırasına daxil etməsinə münasibət bildirərkən deyib.

Əhmədov bildirib ki, sözügedən təşkilatın tanınmamış "Dağlıq Qarabağ" rejimini öz siyahısına salmağı həm "obyektivliyinin", həm də Azərbaycana münasibətinin göstəricisi hesab oluna bilər.

Onun sözlərinə görə, separatçı bir rejimi azadlıq şkalası üzrə necə qiymətləndirməsindən asılı olmayaraq, təkcə bu faktın özü kifayətdir ki, bu təşkilatın mahiyyəti haqqında insanda bitkin fikir formalaşsın.

YAP sədrinin müavini qeyd edib ki, qondarma "Dağlıq Qarabağ" rejimini dünyanın heç bir dövləti, heç bir ciddi beynəlxalq təşkilatı tanımır və tanımaq istəmir. Belə olan halda, "Freedom House" təşkilatının onu "qismən azad ölkə" kimi səciyyələndirməsi təəccüb doğurmaya bilməz.

"Hesab edirəm ki, belə bir yanaşma onun obyektivliyini şübhə altına almağa kifayət qədər ciddi əsaslar verir. Onu da qeyd etməyi lazım bilirəm ki, "Freedom House"un hesabatında "Dağlıq Qarabağ"ın ayrıca qurum kimi göstərilməsi separatizmə, etnik təmizləməyə və işğala haqq qazandırmaq cəhdi kimi də qiymətləndirilməlidir. Bu cür cəhdlər BMT və ATƏT-in Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə siyasətinə və səylərinə əngəl yaradır, bölgədə gərginliyin və qarşıdurmanın daha da güclənməsinə xidmət göstərir. Azərbaycan ictimaiyyəti həmişə haqlı olaraq qərəzli beynəlxalq təşkilatların qeyri-obyektiv dəyərləndirmələrinə etirazlarını bildirib. İnanıram ki, "Freedom House"un son hesabatı xalqımızın qəti etirazı üçün daha ciddi əsas verir. Yeri gəlmişkən, onu da bildirmək istəyirəm ki, bəzən müxalifətin radikal qanadı ölkəmizə qara yaxan qərəzli təşkilatların təbliğatçısı rolunu məmnuniyyətlə öz üzərinə götürür. Mən bunu siyasi mübarizənin iyrənc forması sayıram. Qondarma "Dağlıq Qarabağ" rejimini öz qərəzli və qeyri-obyektiv hesabatına salmaqla onu tanıyan bir təşkilatın mövqeyini dəstəkləmək əslində milli maraqları tapdalamaqdan başqa bir şey deyil", - YAP sədrinin müavini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti