...

Uruqvay Azərbaycan ilə əlaqələrini daha da genişləndirmək niyyətindədir

Siyasət Materials 21 Yanvar 2013 20:07 (UTC +04:00)
Azərbaycan Parlamentinin sədri Oqtay Əsədov Uruqvay Prezidentinin xüsusi elçisi, Prezident Administrasiyasının dövlət katibi Diyeqo Kanepanı qəbul edib.
Uruqvay Azərbaycan ilə əlaqələrini daha da genişləndirmək niyyətindədir

Azərbaycan, Bakı, 21 yanvar /Trend/

Azərbaycan Parlamentinin sədri Oqtay Əsədov Uruqvay Prezidentinin xüsusi elçisi, Prezident Administrasiyasının dövlət katibi Diyeqo Kanepanı qəbul edib.

Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sədr ümidvar olduğunu bildirib ki, bu səfər münasibətlərimizin möhkəmlənməsinə öz töhfəsini verəcək. Qeyd edilib ki, iki ölkə arasındakı əlaqələr günbəgün genişlənir, qarşılıqlı səfərlər həyata keçirilir. Spiker ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üçün yaxşı imkanlar olduğunu vurğulayıb. Qeyd edilib ki, müstəqil Azərbaycan dünya dövlətləri, o cümlədən Uruqvayla əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Diplomatik münasibətlərimizin bu ay 18-ci ilinin tamam olduğunu söyləyən spiker bildirib ki, bu illər ərzində ölkələrimiz arasında səmimi dostluq münasibətləri qurulub.

"Bu münasibətlərin dərinləşməsində parlamentlərin rolu böyükdür. Təqdirəlayiq haldır ki, hər iki ölkə parlamentində dostluq qrupları fəaliyyət göstərir. Bu qrupların qarşılıqlı rəsmi səfərləri, zənnimizcə, ümumi işin xeyrinə olar", - Əsdov deyib.

Söhbətdə Milli Məclisin sədri bu gün Azərbaycanın sürətlə inkişaf etdiyini qonağın diqqətinə çatdırıb. Qeyd edilib ki, Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə həyata keçirilən qlobal layihələr dünya iqtisadiyyatı üçün çox önəmlidir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz kəmərləri, TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu layihələri ölkəmizin iqtisadi qüdrətindən xəbər verir. Sədr vurğulayıb ki, bütün bunlarla yanaşı, Dağlıq Qarabağ münaqişəsi bütöv bir regionun tərəqqisinə ciddi maneə törədir. Problemlə əlaqədar nüfuzlu beynəlxalq qurumların qərar və qətnamələrinə məhəl qoymayan Ermənistan işğalçılıq siyasəti yeritməkdə davam edir: "Biz problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn prinsipləri əsasında həllinə tərəfdarıq. Ümid edirik ki, beynəlxalq birliyin dəstəyi ilə problem tezliklə öz ədalətli həllini tapacaq".

Görüşdə sədr ümidvar olduğunu bildirib ki, uruqvaylı deputatlar bu məsələyə həssaslıqla yanaşacaqlar. O, problemə münasibətdə Uruqvay dövlətinin mövqeyini müsbət dəyərləndirib.

Uruqvay Respublikası Prezidentinin xüsusi elçisi, Prezident Administrasiyasının dövlət katibi Diyeqo Kanepa ölkəmizə səfərindən və burada aparılan danışıqlardan məmnun qaldığını söyləyib. Bildirilib ki, Azərbaycan Uruqvay üçün önəmli ölkədir. Cənubi Qafqazın bu bölgəsinin dinamik inkişafı göz önündədir. Uruqvay Azərbaycanla həyatın bütün sahələrində əlaqələrin inkişafına böyük maraq göstərir. Azərbaycanın qlobal enerji layihələrinin reallaşmasındakı rolu bu ölkənin dünya miqyasında günbəgün artan nüfuzundan xəbər verir.

Görüşdə Diyeqo Kanepa ölkəsinin siyasi sistemi haqqında Milli Məclisin sədrinə ətraflı məlumat verib. O, münasibətlərimizin inkişafında parlamentlərarası əlaqələrin rolunu vurğulayıb.

Qonaq Dağlıq Qarabağ münaqişəsinin həllində Uruqvay Prezidentinin və hökumətinin mövqeyini bir daha diqqətə çatdıraraq söyləyib ki, Uruqvay məsələnin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həllinə tərəfdardır və bu mövqe dəyişməzdir: "Biz gələcəkdə Azərbaycanla əlaqələrimizi daha da genişləndirmək niyyətindəyik".

Söhbətdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri, parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Uruqvayla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Cavanşir Feyziyev, ölkəmizin Uruqvaydakı səfiri Məmməd Əhmədzadə və digər rəsmi şəxslər iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti