...

Mübariz Əhmədoğlu: Ermənistanda prezident seçkisi ərəfəsində baş verənlər ölkə cəmiyyətinin qeyri-ciddiliyinin göstəricisidir

Siyasət Materials 14 Fevral 2013 13:49 (UTC +04:00)
Ermənistanda indiki prezident seçkisi ərəfəsində baş verənlər Ermənistan cəmiyyətinin qeyri-ciddiliyinin göstəricisidir. Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.
Mübariz Əhmədoğlu: Ermənistanda prezident seçkisi ərəfəsində baş verənlər ölkə cəmiyyətinin qeyri-ciddiliyinin göstəricisidir

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir E.Mehdiyev/

Ermənistanda indiki prezident seçkisi ərəfəsində baş verənlər Ermənistan cəmiyyətinin qeyri-ciddiliyinin göstəricisidir. Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, Ermənistan cəmiyyəti seçki keçirə bilmir, prezidentliyə namizədlərin aclıq aksiyaları, sui-qəsd şousu Ermənistan cəmiyyətinin siyasi səviyyəsinin göstəricisidir.

"Serj Sarkisyanın prezidentliyi dövründə Ermənistan cəmiyyəti siyasi cəhətdən yetkinləşmək əvəzinə, gerilədi. Prezidentliyə namizədliyin birinə qarşı təşkil edilən sui-qəsd şousu Sarkisyanın əlində alətə çevrildi. O, bu məsələdə Rusiyanı ittiham etdi. O dövrdə Sarkisyanla görüşdən sonra Paruyr Ayrikyanın özünün, digərlərinin, xüsusən, Konstitusiya Məhkəməsi sədrinin səsləndirdiyi fikirlər hədəfin Rusiya olduğunu göstərdi", - Əhmədoğlu deyib.

Politoloqun sözlərinə görə, bəlli oldu ki, Rusiyanı hədəf kimi Sarkisyan müəyyənləşdirib. Rusiya geri çəkildi, sonradan Rusiya mətbuatında Sarkisyan haqqında təbliğat materiallarının yayılması xalis erməni üslubu idi.

"Sarkisyan Rusiyanın əleyhinə addımlar atdığı üçün ona o dərəcədə yaltaqlıq nümayiş etdirdi. İndi Sarkisyan Ayrikyanın sui-qəsd şousunu İrana tərəf tuşlayıb. Prezident seçkilərindən sonra bir neçə ay ərzində İranın adı hallanacaq. Həm Rusiyanın, həm də gələcəkdə İranın adını hallandırmaqda Sarkisyanın məqsədi Qərbə mesaj verməkdir", - Əhmədoğlu deyib.

O vurğulayıb ki, seçkidə baş verənlərdən Qərb də narazıdır. Bunu qərbli diplomatların və Qərb müşahidəçilərinin mövqeləri nümayiş etdirir. "2008-ci ildə qan üstündə hakimiyyətə gəlmiş Sarkisyanın 5 illik idarəçiliyi belə vəziyyət yaradıbsa, erməni cəmiyyətini bu həddədək zəiflədibsə, növbəti 5 ildə öz vətəndaşlarını qonşu dövlətlərdən birinin ərazisində axtarmalı olacaq", - politoloq deyib.

Onun fikrincə, Ermənistan cəmiyyətinin zəifləyib bu günə düşməsində Qərb də məsuliyyət daşıyır. "Qərb şüurlu surətdə Ermənistanın yalanlarına inandı. Çünki Ermənistanın anti-Türkiyə və Azərbaycan torpaqlarının işğalı kimi səhv siyasətinin həmmüəlliflərindən biri də Qərbdir. Qərb Ermənistan dövlətçiliyini reanimasiya edə bilər: Ermənistan Qarabağ məsələsində mövqeyini dəyişməlidir", - Əhmədoğlu deyib.

Onun sözlərinə görə, Ermənistanın gələcəyi üçün ən vacib məsələ Dağlıq Qarabağ probleminin həllidir. Dağlıq Qarabağ məsələsi həll olunmadan Türkiyə sərhədi aça bilməyəcək.

"Türkiyədə hər hansı hakimiyyət sərhədi açsa da, bu, müvəqqəti açma olacaq. Sonradan gələn hakimiyyət Ermənistana qarşı daha kəskin və sərt addımlar atacaq. Ermənistan üçün ən həlledici məsələ Dağlıq Qarabağ məsələsinin həllidir. Dağlıq Qarabağın işğalı Ermənistan dövlətçiliyini sıradan çıxarır, cəmiyyətin inkişafını dayandırır. Ona görə Qərb Ermənistandan digər məsələləri deyil, yalnız Dağlıq Qarabağ münaqişəsinin həllini tələb etməlidir", - Əhmədoğlu deyib.

Onun fikrincə, Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın bütün torpaqlarını işğaldan azad etmiş Ermənistana inanıb onunla hər cür əlaqələr qurmaq olar.

"Ermənistanın normal siyasət aparması, Azərbaycan torpaqlarının işğaldan azad olunması naminə Avropa İttifaqı dövlətlərinin Ermənistandakı diplomatik nümayəndəliklərinin statusunu aşağı salsalar effektli ola bilər. Ermənistanın indiki durumu Rusiyanı qane edir, belə vəziyyət Avropanın köklü maraqlarına ziddir", - politoloq qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti